bdcf24ab-0280-43a8-9696-7545cb91929b..jpg

BMT missiyası Ermənistanın nağıllarına uymadı – “KASPİ”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 740 dəfə baxılıb.

BMT missiyası Ermənistanın nağıllarına uymadı – “KASPİ”nin TƏHLİLİ + FOTO

BMT missiyasının Qarabağ regionuna səfəri Prezident İlham Əliyevlə ABŞ dövlət
katibi arasında baş tutan telefon danışığından sonra reallaşıb. Görünür, ABŞ
missiyanın hesabatını qənaətbəxş hesab edir və yaxın zamanlarda bununla bağlı
daha tutarlı bir açıqlama səslənəcək.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın lokal antiterror tədbirlərindən sonra ərazidə qeyri-qanuni
məskunlaşan erməni əhali könüllü surətdə Ermənistana köç etməyə başlayıb.
Ermənistan hökuməti məsələdən “faydalanmaq” üçün yeni yalana, “etnik təmizləmə”
nağılına start verib.

Əsas dəstəkçi Fransa ilə yanaşı, Yunanıstan da bu kampaniyaya qoşulub. Erməni
diasporunun dəstəyi ilə Qərbin müxtəlif şəhərlərində aksiyalar keçirilir,
Ermənistan XİN rəhbəri Ararat Mirzoyan hər görüşdüyü ölkənin XİN başçısına
Azərbaycandan şikayət edir, Nikol Paşinyan isə adəti üzrə müxtəlif ölkə
rəhbərlərinə zəng edərək “etnik təmizləmə”dən əziyyət çəkdikləri barədə
dedi-qodu səviyyəsində açıqlamalar verir. Bununla Ermənistan hökuməti xam
xəyala düşərək, Azərbaycana qarşı beynəlxalq təzyiqin yaranacağına ümid edir.

BMT missiyasının tərs şilləsi

Azərbaycan tərəfinin razılığı əsasında BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərliyi ilə BMT missiyası oktyabrın
1-də Qarabağ regionuna səfər edib. Ağdamdan səfər edən missiya üzvləri Xankəndi
şəhərində olublar. El misalında deyildiyi kimi, elə Ermənistan üçün dananın
quyruğunun qopduğu an da bu olub. Çünki missiyanın birgünlük müşahidələrindən
sonra verdiyi açıqlama Ermənistanın neçə gündür apardığı mənfur siyasəti
darmadağın edib.

Missiya üzvləri yerli əhali və digər şəxslərlə söhbət edib, səhiyyə və təhsil
müəssisələrindəki vəziyyətlə tanış olublar. Qeyd edilir ki, Xankəndi şəhərində
heç bir mülki və ictimai infrastruktura, xəstəxana, məktəb, yaşayış binaları,
mədəni və dini obyektlərə ziyan dəyməyib. Bu isə 19 sentyabr tarixindən işə
düşən erməni təbliğat maşınını ifşa etmək deməkdir.

Erməni həyasızlığının davamı

Hesabatın Ermənistan hökumətinə vurduğu şillənin qızartısı o qədər şiddətli
olub ki, erməni həyasızlığının bariz nümunəsi sayılan, Ermənistanın xüsusi
tapşırıqlar üzrə səfiri Edmon Marukyan BMT missiyasına qarşı qaralama
kampaniyasına start verib. Marukyan özünün “X” sosial şəbəkə hesabında
missiyanın hesabatını “qərəzli” adlandırıb. Ermənistanın XİN başçısı Ararat
Mirzoyan da bu kampaniyaya qoşularaq, missiyanı “gecikmiş” adlandırıb. Bu iki
rəsmi şəxsin açıqlamasından da məlum olur ki, Ermənistan hökuməti BMT
missiyasından narazıdır. Çünki missiyanın hazırladığı hesabat heç də onların
gözləntilərini doğrultmayıb.

ABŞ də Ermənistanın nağılına uymadı

BMT-nin hesabatı ilə Ermənistan hökumətinə dəyən şillənin qızartısı keçməmiş,
bənzər açıqlama ABŞ-dən gəlib. Dövlət Departamentinin rəsmisi Metyu Millerin
brifinqdə “Qarabağdan ermənilərin köçünü Ermənistan tərəfi etnik təmizləmə kimi
xarakterizə edir. ABŞ Qarabağdakı hadisələri etnik təmizləmə hesab edirmi?”
sualına cavabı sərrast və konkret olub:

“Amma həmişə olduğu kimi, soyqırımı və ya etnik təmizləmə məsələlərində qərara
gəlmək dəlillərə əsaslanan hərtərəfli proses tələb edir. Hazırda bu məsələ ilə
bağlı heç bir nəticə çıxara bilmərəm”.

BMT missiyasının hesabatının yayılması ilə Metyu Millerin bu açıqlamasının
eyni vaxtda səslənməsi təsadüf deyil. Artıq bütün dünyanı etnik təmizləmə
nağılı ilə bezdirən Ermənistana bundan gözəl cavab ola bilməzdi. Millerin
açıqlamasındakı “dəlillərə əsaslanan hərtərəfli proses” əslində BMT missiyasına
işarədir. Çünki BMT missiyasının Qarabağ regionuna səfəri Azərbaycan prezidenti
İlham Əliyevlə ABŞ dövlət katibi arasında baş tutan telefon danışığından sonra
reallaşıb. Görünür, ABŞ missiyanın hesabatını qənaətbəxş hesab edir və yaxın
zamanlarda bununla bağlı daha tutarlı bir açıqlama səslənəcək.

“Qarabağdan köçənlər qaçqın deyil”

Dünyaya qaçqın və köçkünləri olduğu barədə car çəkən Ermənistanın humanitar
dilənçiliyi də təhlükə qarşısındadır. Kanada Beynəlxalq Münasibətlər
İnstitutunun elmi işçisi Robert Katler bildirib ki, Qarabağdan məcbur köçkün və
qaçqın yoxdur. Çünki onların heç vaxt Azərbaycan vətəndaşlığı olmayıb və
faktiki olaraq Azərbaycan Respublikasının hakimiyyəti altında yaşamayıblar. Bu
səbəbdən də indi onlar məcburi köçkün sayıla bilməzlər. Eyni zamanda, onların
böyük əksəriyyətinin Ermənistan pasportu var və pasportunu aldığı ölkəyə daxil
olurlar. Bu səbəbdən də qaçqın deyillər. Bu faktlar beynəlxalq kulislərdə
rəsmiləşsə, Ermənistanın humanitar yardım dilənçiliyinə son verilmiş olacaq.

Robert Koçaryan yenidən meydanda

Bu arada, Nikol Paşinyan hökuməti Qarabağdan köçən ermənilərin Robert
Koçaryanın iştahasını artırdığından xəbərdardır. Qarabağ ermənilərinin “Qarabağ
klanı”nı yenidən dirçəldəcəyindən qorxan erməni hökuməti artıq onları təhdid
edərək, mitinqlərdə iştirak edəcəkləri təqdirdə yardımı kəsəcəklərini
bildiriblər. Bununla yanaşı, tərəflər arasında nifaq salmaq üçün sosial
şəbəkələrdə Koçaryana məxsus “Kongress” hotelə Qarabağ ermənilərinin
buraxılmadığı barədə xəbərlər dolaşmağa başlayıb. Bununla da Qarabağ erməniləri
ilə Robert Koçaryan arasında ilk nifaq toxumları səpilib.

Source link