83006901-e990-4b6f-aa5c-b045ed2eab9c..jpg

BMT-nin sabiq sözçüsü: “Ermənilər Qarabağda kəndləri, şəhərləri dağıdıb” – FOTO

Baxış sayı: 721 dəfə baxılıb.

BMT-nin sabiq sözçüsü: “Ermənilər Qarabağda kəndləri, şəhərləri dağıdıb” – FOTO

Dünyanın nüfuzlu nəşrlərindən olan “Əl-Qüds Əl-Ərəbi” qəzetində Azərbaycanın
ərazi bütövlüyünün bərpası, Vətən müharibəsi, antiterror əməliyyatları zamanı
Qarabağda və ətraf rayonlarda qazanılmış zəfərdən bəhs edən analitik məqalə
dərc olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, tarixi faktlara əsaslanan müfəssəl
yazının müəllifi BMT-nin sabiq sözçüsü, hazırda “Əl-Qüds Əl-Ərəbi” nəşrinin
beynəlxalq təşkilatdakı bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq
Araşdırmaları Mərkəzinin professoru, siyasi şərhçi Abdulhamid Siyamdır.

“Artsax Respublikası” ləğv olundu, Qarabağ bölgəsi Azərbaycanın suverenliyinə
qayıtdı” başlıqlı yazıda politoloq Ermənistanın Azərbaycanın tarixi
torpaqlarında 30 il ərzində həyata keçirdiyi işğaldan bəhs edib, münaqişəyə
dair bilinən və bilinməyən tarixi faktları qələmə alıb.

Məqalədə jurnalist münaqişənin tarixi köklərinə enərək Sovet İttifaqının
dağılmasından sonra Ermənistanın Qarabağdakı ermənilər vasitəsilə bölgəni işğal
siyasətindən, bu ölkənin 30 il ərzində Azərbaycana qarşı hərbi təcavüzünün ağır
nəticələrindən, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində mülki
əhaliyə qarşı yönəldilən çoxsaylı cinayətlərdən, bölgədə etnik təmizləmə
siyasətindən bəhs edib.

Siyasi şərhçi Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları, hərbi
təxribatları və Vətən müharibəsinə gətirib çıxaran səbəblər haqqında məlumat
verib. Azərbaycan Prezidentiİlham Əliyevin rəhbərliyi ilə ölkə Ordusunun 44
günlük müharibə zamanı tarixi zəfərə imza atdığını, ərazi bütövlüyünü bərpa
etdiyini qələmə alıb.

Ötən il Qarabağda səfərdə olan jurnalist məqalədə bölgədə şahidi olduğu erməni
vandaliziminin izlərindən də bəhs edib. Bildirib ki, Ermənistan Azərbaycanın
mülki obyektlərinə qadağan olunmuş silahlarla etdiyi hücumlar çoxsaylı insan
itkisinə səbəb olub və məcburi köçkünlər Ermənistan tərəfindən bölgəyə
yerləşdirilmiş minalar səbəbindən hələ də doğma yurd-yuvalarına qayıda
bilmirlər.

Jurnalist məqalədə Ermənistanın müharibə mirası olan minaların partlayışı
nəticəsində günahsız insanların həyatlarını itirməsindən də bəhs edib:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını rəsmi dəvəti ilə
Birləşmiş Millətlər Təşkilatında akkreditə olunmuş bir qrup jurnalistlə ötən il
Qarabağa səfər etdim. Biz 2020-ci ildə 30 ildən sonra işğaldan azad edilmiş
bölgəni gəzdik və oradakı vəziyyətlə tanış olduq. Dağıntıların miqyası olduqca
böyük idi. Ermənistan işğal altında saxladığı bölgədə minlərlə mina basdırıb,
bütün kəndlər, şəhərlər, binalar, müəssisələr, mehmanxanalar, köhnə saraylar
tamamilə dağıdılıb, 67 məsciddən 65-i yerlə bir edilib, məscidlərdən heyvan
saxlamaq üçün istifadə edilib. Üzüm bağları və meşələr yandırılıb,
qəbiristanlıqlarda məzarların mərmərləri belə talan edilib, hətta ölülər
məzarlardan çıxarılıb, qızıl dişləri götürülüb.

Səfər başa çatdıqdan sonra Azərbaycanın yerli mediası mənə təəssüratlarımla
bağlı sual verdi. Dedim ki, ermənilər bu əraziləri tərk edəcəyini bilirdi. Əgər
iddia etdikləri kimi, həmin torpaqlar onlara məxsus idisə onda niyə oranı viran
qoyur, dağıdırdılar? Niyə ermənilər 30 il ərzində bölgədə bir ağac əkməyib, ev
tikməyib, qəsəbə salmayıb, yol təmir etməyib, tam əksinə, mövcud olan hər şeyi
məhv ediblər? Ermənilər bilirdilər ki, gün gələcək o yerlərin əsl sahibləri
torpaqlarına geri dönəcəklər”.

Məqalədə “BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair 30 il ərzində
icrasız qalan qətnamələrindən, ötən müddət ərzində münaqişənin həlli
istiqamətində ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyindən bəhs olunub,
bütün baş verənlərə baxmayaraq münaqişəsinin həllində sülh yolunu seçən
Azərbaycanın səylərinin qarşılıqsız qaldığını qeyd edilib və rəsmi Bakının öz
gücü ilə bərpa etdiyi tarixi ədalətdən bəhs olunub. Yazıda Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışı
zamanı vurğuladığı faktlardan sitatlar da yer alıb.

A.Siyam məqaləsində Azərbaycan ordusunun Qarabağda addım-addım tam üstünlük
əldə etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin bölgəni tamamilə tərk
etdiyindən bəhs edib, bu ilin sentyabrın 19-da Qarabağda Azərbaycan hərbçiləri
tərəfindən 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri
nəticəsində bölgədə qalan qanunsuz silahlı birləşmələrin darmadağın olduğunu,
Xankəndidəki qondarma rejimin ləğv edildiyini qələmə alıb.

O, çoxmillətli ölkə Azərbaycanda tarixin bütün dövrlərində bir çox dinlərin və
etnik qrupların nümayəndələrinin sülh, firavanlıq içində yaşadığını vurğulayıb,
Azərbaycan hökumətinin Qarabağdakı etnik ermənilərlə sülh içində yaşamasına
təminat verdiyini bildirib.

Source link