BMT rəsmisinin müsahibəsi: Azərbaycana verilən yüksək qiymət – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik “Report”a müsahibə verib. BMT
rəsmisi müsahibədə Azərbaycanın 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi
ilə bağlı məsələni şərh edib.
Qeyd edək ki, dekabrın 15-də COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə
əlaqədar Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin sədrliyi ilə
müşavirə keçirilib.
İlham Əliyev müşavirədə deyib:
“Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından
iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya
ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki,
Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün
razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü
göstərdi”.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun qlobal iqlim dəyişikliyinə
mübarizəsinə necə töhfə verdiyini göstərir.
Stefan Düjarrik müsahibədə bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi
əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir.
Düjarrik daha sonra məsələni Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması kontekstində də şərh edib.
O bildirib: “Bir faktı xüsusilə qeyd etmək istərdim ki, biz ötən həftələrdə
Azərbaycanın Ermənistanla razılaşma əldə etməsinin, saxlanılan hərbçilərin
mübadiləsinin şahidi olduq ki, bu da müəyyən mənada münasibətlərin
normallaşması və gərginliyin azalmasına gətirib çıxardı və eyni zamanda,
Azərbaycanın səriştəli və aydın bir ölkə kimi COP29-a ev sahibliyi etmək üçün
rəsmi namizəd olmasına imkan verdi”.
Göründüyü kimi, BMT Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına
töhfə vermək istəyir. Halbuki BMT Azərbaycan-Ermənistan münaqişəsi zamanında
passiv fəaliyyət göstərib.
İndi isə vəziyyət kökündən dəyişib. Azərbaycanın yeni reallıqlar yaratması
BMT-nin də üzləşdiyi problemlərin həllinə kömək edir.
Bu o deməkdir ki, BMT-nin yüklərindən biri azalıb. Artıq o, keçmişdə qalmış
Qarabağ münaqişəsi ilə məşğul olmaq məsuliyyətindən azad olunub. Buna görə BMT
Azərbaycana təşəkkür etməlidir. Çünki Azərbaycan BMT Təhlükəsizlik Şurasının
qətnamələrini təkbaşına icra edib.
BMT Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlardan sonra onun qiymətini
beynəlxalq platformalarda da verməlidir. Bu mənada COP29-a ev sahibliyi
Azərbaycana verilən böyük dəyərdir.
Təbii ki, Azərbaycan bəşəriyyəti xilas edəcək bütün təşəbbüslərə açıqdır.
İqlim dəyişikliyinə qarşı mübarizə də Azərbaycan üçün bu cəhətdən vacibdir.
BMT rəsmisi müsahibəsində deyib:
“Biz növbəti COP29 üçün önümüzdə sülhün və aydınlığın olduğunu görməkdən çox
şadıq. Bildiyiniz kimi, iqlim dəyişikliyi hamımızın üzləşdiyi əsas qlobal
problemdir və Qafqaz və Mərkəzi Asiya ölkələri də iqlim dəyişikliyindən əziyyət
çəkib və əziyyət çəkməkdə davam edir. Ona görə də biz Azərbaycanın COP29-a
sədrliyini çox səbirsizliklə gözləyirik”.
Bu arada BMT Baş katibinin COP29 çərçivəsində Azərbaycana səfər edəcəyi də
bildirilir.
Aqil Vəlili