BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir göstərməyəcək

Baxış sayı: 563 dəfə baxılıb.

BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının iradəsinə təsir
göstərməyəcək

Ermənistanın Laçın yolunun guya bağlanması və Qarabağda məskunlaşan
ermənilərin guya blokadada saxlanması ilə bağlı bütün cəhdləri mənasız
hay-küydən başqa bir şey deyil. Hələ bu azmış kimi, indiyə qədər həyata
keçirdikləri bütün cinayətləri, terrorları, soyqırımlarını və kütləvi qətlləri
görməzdən gələrək Laçın yolu ilə bağlı özlərinin yaratdıqları boş xülyaları
beynəlxalq tribunalara, o cümlədən BMT Təhlükəsizlik Şurasına çıxarmağa
çalışırlar. Öz himayədarlarına arxalanan Ermənistan artıq bu istiqamətdə
fəaliyyətə başlayıb.

“Report” xatırladır ki, əvvəla, Laçın yolu Azərbaycanın suveren ərazisidir və
bu yolla bağlı istənilən qərarların verilməsi dövlətimizin konstitusion
hüququdur. Bu yolla bağlı vəziyyət hər kəsə aydındır. Bunu ən azından özünü
ermənilərin havadarı kimi aparan Beynəlxalq Qırmızı Xaç Komitəsindən də
öyrənmək olar. Çünki bu təşkilatın avtomobilləri mütəmadi olaraq Laçın yolu
vasitəsilə Qarabağdan Ermənistana, Ermənistandan da Qarabağa erməniləri
daşıyırlar.

Ermənistanın bu kimi cəhdləri hər zaman fiaskoya uğrayıb. Hələ daha əvvəl,
ötən ilin dekabr ayında Fransanın təşəbbüsü ilə Laçın-Xankəndi yolunda
azərbaycanlı ekofəalların aksiyası ilə bağlı BMT TŞ-nin fövqəladə iclası
çağırılsa da, TŞ üzvləri arasında konsensus olmadığından, Fransanın irəli
sürdüyü bəyanat layihəsi razılaşdırılmayıb.

Bundan əvvəllər isə Beynəlxalq Ədalət Məhkəməsi dəfələrlə Ermənistanın
Azərbaycanla bağlı iddialarını rədd edib. Odur ki, ermənilərin budəfəki
cəhdləri də iflasa uğrayacaq. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan
artıq üç ilə yaxındır ki, öz ərazilərini erməni işğalından azad edib, halbuki,
hələ otuz il əvvəl erməni silahlılarının və işğalçılarının torpaqlarımızdan
qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT TŞ-nin dörd qətnaməsi var idi. Bu,
sadəcə, BMT TŞ-nin qətnamələrini Azərbaycanın təkbaşına icra etməsi ilə bağlı
qısa bir xatırlatmadır. BMT TŞ-nin qətnamələrinə uzun illər məhəl qoymayan
Ermənistanın indi hansı üzlə bu təşkilata pənah aparması isə sadəcə, gülüş
doğurur.

Bir daha qeyd edirik ki, Ermənistan hakimiyyəti BMT TŞ formasından
sui-istifadə edərək Azərbaycan və azərbaycanlılara qarşı öz çirkin
kampaniyalarını davam etdirməyə çalışır.

“Laçın” sərhəd-buraxılış məntəqəsində ölkəmizin ərazisinə daxil olan və
ölkəmizin ərazisindən çıxan hər bir kəsin sənədlərinin yoxlanılması isə
konstitusion hüququmuzdur. Məhz bu sərhəd-buraxılış məntəqəsinin hesabına
ermənilərin Azərbaycan ərazilərinə silah-sursat, o cümlədən mina daşımalarının
və suveren torpaqlarımızda qaçaqmalçılıqlarının qarşısı alınmış oldu.

Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini
minalamaqla məşğul olub. Buna baxmayaraq, indiyə qədər doğru-düzgün mina
xəritələrini verməyib və hər dəfə bu xəritələri verməkdən yayınıb. Bu azmış
kimi, torpaqlar müharibədən sonra qeyri-qanuni yollarla Azərbaycan ərazilərinə
keçən erməni diversantlar azad edilmiş ərazilərimizi yenidən minalamağa
başlayıblar. Buna sübut kimi aşkar olunan minaların 2022-ci il istehsallı
olmalarını göstərmək olar. Odur ki, Azərbaycan öz sərhədlərini möhkəmləndirməyə
çalışdığı zaman məhz bu kimi təxribatların, potensial terror aktlarının
qarşısını almağa nail olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan regionda və dünyada sülhün tərəfdarıdır.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezidentİlham Əliyevin dəfələrlə dediyi
kimi, Azərbaycan müharibə və qan tökmək istəmir. Buna görə də artıq bir
müddətdir ki, Ermənistanla sülh danışıqları davam edir.

Ümid edirik ki, BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribata yol
verilməyəcək. Çünki Ermənistan və onun havadarları nəzərə almalıdırlar ki, nə
Ermənistanın destruktiv əməlləri, nə də TŞ-də siyasi spekulyasiyalar
Azərbaycanın haqlı mövqeyinə təsir edəcək. Azərbaycan regional problemlərin
region ölkələri tərəfindən nizamlanmasına tərəfdardır. Hazırda Azərbaycanın
İranla münasibətlərində də normallaşma hiss olunur və Bakının təşəbbüsü ilə
irəli sürülmüş “3+3” formatı yenidən canlanır. Bu formatda yaxın vaxtlarda
İranda görüşün keçirilməsi gözlənilir. TŞ-də qəbul edilə biləcək sənəd və
ümumilikdə məsələni TŞ-yə çıxarmaq cəhdlərinin nə bölgədə sabitlik və
əmin-amanlığa, nə sülhə, nə reinteqrasiya prosesinə müsbət təsiri olacaq. Bu,
Azərbaycanın təşəbbüsü ilə başladılan sülh prosesində indiyə qədər əldə olunmuş
bütün razılaşmaları sıfırlayacaq.

Qərb ölkələri belə addım atarsa, sülh danışıqlarına dair ABŞ formatı və Aİ-nin
vasitəçiliyi ilə gedən proses dayandırılacaq. Bu gün Fransa regionda bütün
nüfuzunu itirdiyi kimi, ABŞ də bölgədəki mövqelərini zəiflədəcək. Əgər
Azərbaycana qarşı bu təxribatda Rusiya da iştirak etsə, bu ölkənin vasitəçiliyi
ilə də danışıqlar əhəmiyyətini itirəcək. Bununla Azərbaycan ümumiyyətlə bu
prosesi artıq hər hansı vasitəçilərlə müzakirə etməyəcək.

Bir sözlə, BMT TŞ-də Azərbaycana qarşı hər hansı təxribat rəsmi Bakının
iradəsinə təsir göstərməyəcək. Amma bu, indiyədək aparılan sülh təşəbbüslərinin
sonu demək olacaq.

Source link