Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasına doqquz üzv dövlətin çağırışı ilə növbədənkənar iclas keçirilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Voice of America” məlumat yayıb.
İclasda Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunması ilə bağlı iddialar müzakirə olunur.
İclasın keçirilməsinə ABŞ, Britaniya, Kot-divuar, Küveyt , Niderland, Peru, Polşa, Fransa və İsveçrə vəsatət qaldırıb.
Ağ Ev-in mətbuat katibi Sara Sandersin sözlərinə görə, Suriyanın Duma şəhərindən gələn fotoşəkillər “bütün dünyanın vicdanını silkələyib”.
ABŞ dövlət departamenti Dumaya edilmiş kimyəvi hücumda sinir-paralitik maddələrdən istifadə olunduğunu iddia edir. Departament insidentin araşdırılması üçün Rusiya və Suriyanın beynəlxalq müşahidəçilərin həmin əraziyə daxil olmasına şərait yaratmasını tələb edir.