4eb7eb07-eb61-4206-984e-562d704d39b5..jpg

Boks üzrə Azərbaycan çempionatına start verilib – YENİLƏNİB

Baxış sayı: 484 dəfə baxılıb.

Boks üzrə Azərbaycan çempionatına start verilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, tədbir iştirakçı
komandaların paradı ilə başlayıb.

Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir
Hüseynov çıxış edib.

O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi təşkil olunan çempionat
böyük əhəmiyyətə malikdir:

“Bu dəfə final döyüşləri tam yeni formatda və təntənəli keçiriləcək, rəsmi
qonaqlar olacaq. Monteneqroda U-22-lərin Avropa çempionatında tarixi bir nəticə
əldə etmişik. İlk dəfə bu yarışda beş – bir qızıl, bir gümüş və üç bürünc medal
qazanmışıq. Görülən işlər və aparılan islahatlar sayəsində bu uğurun ardı
gələcək”.

Hüseynov qeyd edib ki, bunun üçün çempionata neytral referilər dəvət olunub:

“Gələn il keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına qısa vaxt qalıb.
Yığmamız artıq iki çəkidə lisenziya əldə edib. Əminik ki, burda mübarizə
aparacaq boksçulardan bir neçəsi də onlara qoşulacaqlar. İnanırıq ki,
komandamız Fransadan Olimpiadalarda son 30 ildə əldə edə bilmədiyi qızıl
medalla dönəcək”.

ABF rəsmisi çempionatının final günündə azarkeşləri sürprizlər gözlədiyini də
deyib.

O bildirib ki, ən fəal tamaşaçılar arasında seçim aparılacaq və federasiyanın
xətti ilə onlardan biri gələn il İtaliyada keçiriləcək Avropa çempionatına
aparılacaq:

“Eyni zamanda, azarkeşləri digər hədiyyələr də gözləyir”.

ABF-nin İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Gənclər və İdman Nazirliyinin
nümayəndəsi Əliniyaz Mirzəyev yarışın əhəmiyyətindən danışıblar, yarış
iştirakçılarına uğurlar arzulayıblar.

Ardınca torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışda 13 çəki dərəcəsi üzrə
mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və
rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41
komandanın 167 boksçusu qatılıb.

Çempionatda qaliblərin adına dekabrın səkkizində aydınlıq gələcək. Final
döyüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

11:38

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start veriləcək.

Cixisyolu.com xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki
dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin,
idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qatılacaq. Yarış
saat 12:00-da başlayacaq.

Çempionatda qaliblərin adına dekabrın səkkizində aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda
Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı, supervayzeri Aleksandr Həmidov
(Özbəkistan) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, xarici ədalət
təmsilçiləri də idarə edəcəklər. Onlardan Yaşar Çinar (Türkiyə), Sid Ali
Mokretari (Əlcəzair), Akmalcon Abdulayevlə (Tacikistan) və Bekcon Yusupov
(Özbəkistan) İBA-nın 3 ulduz kateqoriyasına malikdir. Türkiyəli və əlcəzairli
ədalət təmsilçilərinin, həmçinin, dünya çempionatı və Yay Olimpiya Oyunları
təcrübəsi var.

Source link