Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin altı boksçusu qüvvəsini sınayıb.
Onlardan beşi döyüşü qələbə ilə başa vurduğu halda, biri çempionatla vidalaşıb.
Belə ki, boksçularımızdan Əli Zamanov ikinci sınağından da qalib ayrılıb. 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hayk Alaberkyanın (Ermənistan) ardından Rusiyanı təmsil edən erməni əsilli Eduard Voskanyanı da yarışdan kənarlaşdırıb. Zamanov rəqibini 3:2 (28:29, 30:27, 27:30, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Krasimir Çurovla (Bolqarıstan) qarşılaşacaq. Görüş oktyabrın 13-də baş tutacaq.
Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Turğay Mirzəyevin (57 kq) də debütü uğurlu alınıb. O, serbiyalı Branko Zeremskiyə tam üstünlüklə qalib gəlib. Mirzəyev bu gün keçiriləcək 1/8 final qarşılaşmasında belaruslu Vladislav Stselmaxovu sınağa çəkəcək.
Yığma üzvlərindən Eldar Babayev (60 kq) də rəqibinə şans verməyib. Belaruslu Yan Krukovskini 4:1 hesabı ilə məğlub edən idmançımız bu gün baş tutacaq 1/8 finalda gürcüstanlı Georgi Qeqetçxori ilə gücünü yoxlayacaq.
Elmir Novruzovun da ilk qarşılaşması asan alınıb. 63 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz şotlandiyalı Cey Delaniyə 5:0 hesabı ilə qalib gəlib. Novruzov bu gün 1/8 final mərhələsi çərçivəsində Corc Bans (İngiltərə) ilə münasibətinə aydınlıq gətirəcək.
70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə monteneqrolu Miloş Krasniçi ilə dueldən üstün ayrılıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Nikolay Zafirovla (Bolqarıstan) üz-üzə gələcək. Döyüş sabah olacaq.
Bu boksçulardan fərqli olaraq, Əzrək Bəbirov (54 kq) məğlubiyyətə üzülüb. Çexiyalı Dominik Stepaneklə qarşılaşan boksçumuz 1:4 hesabı ilə uduzub.
Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com