Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid
edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bolqarıstan öz bölgələrinin qazlaşdırılmasında Azərbaycanın iştirakına ümid
edir.
Bu barədə Bolqarıstanın Energetika Nazirliyindəki mənbədən Trend-ə bildiriblər.
“25 aprel 2023-cü ildə Bolqarıstanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
kommersiya nümayəndəliyi açılıb və bundan sonra şirkət ölkədə öz fəaliyyətini
aktivləşdirib. SOCAR-ın Avropada Almaniya və Bolqarıstanda olmaqla iki
nümayəndəliyi var.
Eyni zamanda, Bolqarıstandakı nümayəndəlik Balkan yarımadasında səkkiz ölkəni
əhatə edən regional ofisə çevrilib. Bu, Bolqarıstan və Azərbaycan arasında
strateji enerji və siyasi tərəfdaşlığın, etimadın yüksək səviyyəsinin
göstəricisidir.
Ümid edirik ki, Azərbaycan Bolqarıstan bölgələrinin qazlaşdırılması, neft
məhsullarının tədarükü, elektroavtomobillərin şarj olunması üçün
infrastrukturların yaradılması kimi gələcək investisiya imkanlarını da nəzərdən
keçirəcək”, – deyə mənbə bildirib.
Agentliyin müsahibi qeyd edib ki, Bolqarıstan enerji effektivliyinin
artırılması və bərpa olunan enerji mənbələrinin tətbiqi üçün şəraitin
yaradılmasına ümid edir.
“Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımız bu sahədə də
genişləndirilməlidir. “Orta Yaşıl Dəhliz” təşəbbüsünün gələcək inkişafı
Cənub-Şərqi Avropa regionu, o cümlədən, Bolqarıstanı Xəzər regionundakı “təmiz”
enerjiyə çıxış imkanı ilə təmin edəcək”, – deyə mənbə əlavə edib.
Qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31
dekabr 2020-ci ildə başladıb. TAP dəhlizinin ilkin buraxılış gücü 10 milyard
kubmetr qaz təşkil edir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz
Dəhlizinin ötürücülük qabiliyyətinin 2027-ci ilədək 20 milyard kubmetrədək
artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.