Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru
müəyyənləşdirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Bu barədə Konstitusiya Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında
Ali Məhkəmənin müraciəti əsasında “İcra haqqında” Azərbaycan Respublikası
Qanununun 50.1-ci və 53-cü maddələrinin, Mülki Məcəllənin 139-1.1.2-ci və
139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və 8.0.4-cü maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin
I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini,
maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini,
Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizəsini və iş materiallarını
araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci
və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə
həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi
qaydasına dair, habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət
qeydiyyatı üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Milli Məclisə
tövsiyə edilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III
hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 129-cu maddəsinin I və II
hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi
mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə
nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını
qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə
əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və
həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında
aparılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs
tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.