Böyük Britaniyanın Baş naziri Boris Consonun sevgilisinə ABŞ-a giriş qadağan olunub.
Bu barədə “Daily Mail” yazır.
Məlumata əsasən, 31 yaşlı Kerri Simonds təməli ABŞ-da qoyulan təbiət mühafizəsi təşkilatı ilə iş səfəri üçün viza müraciəti edib. Lakin yaxın günlərdə xaricə getməli olan xanımın sorğusu bloklanıb.
Ehtimala görə, bu qərar onun 2018-ci ildə Şərqi Afrikaya səfəri ilə bağlıdır. Səfər zamanı o, tanınmamış Somalilend dövlətinə baş çəkib. Həmin beşgünlük səfərə Simonds hüquq müdafiəçisi olan rəfiqəsi Nimko Ali ilə gedib.
Nəşr qeyd edir ki, Simond müraciəti Esta avtomatlaşdırılmış sistem vasitəsilə etdiyi halda, sorğu avtomatik şəkildə bloklanmış ola bilər.
Hazırda Britaniya Baş nazirinin sevgilisi viza problemini özü həll etməli olacaq: London onun adından Vaşinqtona rəsmi sorğu göndərə bilməz, çünki bu xanım Consonun həyat yoldaşı deyil.