Borrel: “Putin son qələbəyə qədər Ukraynada döyüşmək qərarına gəlib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa İttifaqının baş diplomatı Josep Borrel Rusiya Prezidenti Vladimir
Putinin yaxın gələcəkdə tammiqyaslı təcavüzü dayandırmağa meylli olmaması
səbəbindən Ukraynaya daha fəal dəstək verməyə çağırıb.
O, bunu “The Guardian”a müsahibəsində deyib.
Diplomat vurğulayıb ki, Ukraynada Avropa İttifaqının mövcudluğu təhlükə
altındadır, ona görə də “böyük gücdən qaynaqlanan” və Avropa demokratiyasını
təhdid edən təhlükəyə diqqət yetirilməlidir.
“Biz kursu tez bir zamanda dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək,
bu, Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək”, – Borrel əlavə
edib.
Aİ diplomatiyasının rəhbəri izah edib ki, Rusiya prezidenti “Ukraynanın bir
parçası” ilə kifayətlənə və ərazinin qalan hissəsinin Avropa İttifaqına aid
olmasına icazə verə bilməz. Borrelə görə, Putin ABŞ-də keçiriləcək prezident
seçkilərinin onun üçün daha əlverişli şərait yaradacağını gözləyir.
“Ona görə də biz uzun müddət ərzində yüksək intensivli münaqişəyə
hazırlaşmalıyıq. Putin müharibəni yekun qələbəyə qədər davam etdirmək qərarına
gəlib”, – o əlavə edib.
Borrel Rusiyanın hər zaman imperiya olduğunu da vurğulayıb.
“Rusiya heç vaxt xalq ola bilməyib. O, həmişə çarla, sovetlərlə, indi isə
Putinlə imperiya olub. Bu, Rusiyanın dəyişməzliyi, onun siyasi kimliyi və
nəticə etibarilə qonşu dövlətlər, xüsusən də bizim üçün təhlükədir”, – deyə
diplomat yekunlaşdırıb.