BOS-dan Kosovo millisinin kapitanına cavab

Baxış sayı: 2. 947 dəfə baxılıb.

BOS-dan Kosovo millisinin kapitanına cavab

Bakı Olimpiya Stadionunun (BOS) meydançalarına xidmət göstərən “AgroSport” şirkətinin baş aqronomu Yan Marton dünən UEFA Millətlər Liqasının Azərbaycan – Kosovo oyunundan (0:0) sonra rəqib komandanın kapitanı Samir Uykaninin ot örtüyünün vəziyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, mütəxəssis meydançaya rəng vurulması haqda söz-söhbətlərin həqiqəti əks etdirmədiyini söyləyib:

“Əvvəlcə bildirim ki, UEFA ilə ayın əvvəlində davamlı təmasda olmuşuq və UEFA nümayəndələri tərəfindən heç bir mənfi şərh almamışıq.

Dünənki oyun zamanı meydançaya rəng vurulması ilə bağlı xəbərləri gördüm. Təbii ki, bu məlumat reallığı əks etdirmir.

Bildiyiniz kimi, BOS-un əsas meydançasında hibrid ot sistemi tədbiq olundu. Bu halda ümumiyyətlə heç bir rənglənmə prosesindən söhbət gedə bilməz. Meydançanın mərkəzində zəif bir sahə vardı (cüzi sarılıq), bunun da əsas səbəbi yay ayları zamanı güclü günəş şüalarıdır.

Stadionun içərisində temperatur daha sıx olduğuna görə, rütubətə görə əlavə avadanlıq quraşdırılıb (fenlər).

İyun ayında bizim üçün erkən başlayan yay mövsümündə stadionun içərisində temperatur göstəricisi 40 dərəcə səviyyəsində uzun müddət davam edirdi. Buna görə də meydançaya vurulan xüsusi sprey (ot xəstəliklərinə qarşı) yalnız müəyyən intervallarla mövcud olurdu”.

Y. Marton meydança ilə bağlı gələcək işlərin proqramını da açıqlayıb: 

“Meydança bu gün maşınlar vasitəsi ilə təmizləndi, dağıntılar və boş çəmənlər aradan qaldırıldı. Hal-hazırda da meydança bir-birinə sıx məsafədə yerləşən sərinkeşlə havalandırılır.

Sabahdan etibarən isə meydança tamamilə yeni toxumlarla doldurulacaq, bundan sonra isə yeni yaradılmış ot kökləri daraqlanacaq.

İsti hava şəraiti yavaş-yavaş azalmağa başlayır, şübhəsiz ki, meydança gündən-günə daha güclü olacaq. Bu mövzu ilə maraqlanan bütün media nümayəndələri ilə görüşməyə hazır olduğumu bildirirəm və qeyd olunan bütün proseslər real olaraq təqdim olunacaq”.

Qeyd edək ki, Kosovo millisinin qapıçısı Samir Uykani Azərbaycanla oyundan sonra meydançanın kələ-kötür olduğunu və ot örtüyünə rəng vurulduğunu iddia etmişdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com