Boyu adamı ötən səməni, qucağa yerləşməyən qoğallar: İri atributlar necə
hazırlanır? – REPORTAJ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ən sevimli, qədim, milli bayram olduğundan hər kəs Novruza xüsusi hazırlaşır.
Çərşənbə axşamları tonqallarla işıqlanan paytaxt gündüzlər bayram xonçası
rəngarəngliyi ilə göz oxşayır.
Adam boyunda səməni, kosa, keçəl, yumurta, paxlava, qoğal, şəkərbura…
Bakının küçə və meydanlarında quraşdırılan bu nəhəng atributların hazırlanma
prosesi hər kəsə maraqlıdır.
Cixisyolu.com-ın əməkdaşları bu fiqurların necə hazırlanması ilə yaxından tanış olmaq
üçün Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən müəssisədə olublar.
Müəssisədə qızğın iş gedir. Ətrafda nəhəng maketlər düzülüb. Bir tərəfdə
səmənin maketi yığılır, digər tərəfdə isə heykəltəraşlar kosa və keçəl
fiqurları hazırlayırlar. İşçilərdən biri səməninin ortasına bağlanılan lenti
rəngləyir, rəssam yumurtanın nəhəng maketinin üzərini naxışlarla bəzəyir.
Atributlar o qədər canlı görünür ki, sanki gerçəkdir. Hamı böyük həvəs və
zövqlə çalışır.
İşçilər bir neçə günə bütün bu işləri yekunlaşdırmalı olduqlarını deyirlər.
Bizimlə söhbət əsnasında da işə ara vermirlər. Müəssisənin sahibiNahid Eminov
da işçilərlə bərabər çalışır.
O deyir ki, Novruz atributları təkcə Bakıda istifadə olunmur, bölgələrə də
göndərilir. Əlavə edir ki, on ildən çoxdur, bu sahədə fəaliyyət göstərirlər:
“Hazırda on iki işçimiz var: rəssam, heykəltaraş, dizayner və sexin daxilində
işləyən ustalardır. Bizdə iş prosesi ardıcıllıqla olur. Maketin dizaynı
hazırlanır, dəzgaha göndərilir, kəsim edilir. Sonradan həmin detallardan maket
yığılır. Heykəltəraşlıq iş varsa, həmin maket və dekorlar kəsimdən sonra onlara
təhvil verilir, yonub, formaya salırlar. Rəssamlarımız boya, naxış işini
görürlər”.
Nahid Eminovun sözlərinə görə, kövrək materialdan istifadə edirlər, ancaq açıq
havada tez xarab olmaması üçün xüsusi prosedurlar icra edirlər:
“Materiallar yerli məhsuldur. Maketlər davamlı olsun deyə mütləq hava
şəraitinə uyğunlaşdırmağa çalışırıq. Bir atributu iki gün ərzində hazırlayıb
müştərilərə təhvil veririk. Tələbat çoxdur, hər kəsi razı salmağa çalışırıq.
Düşünürəm ki, rəqibimiz yoxdur. Hər kəs istəyir ki, müəssisəsində bizim
hazırladığımız maketlərdən istifadə etsin. Qarabağ bölgəsi üçün də
hazırladığımız işlər var”.
Ustalarla da söhbətləşirik. Rəssam Məmmədkərim Həsənov Novruz atributlarını
hazırlayarkən daha çox nəbati naxışlara üstünlük verdiyini deyir^
“Əsasən, həndəsi və nəbati naxışlara üz tuturuq. Xalçaçı rəssam Lətif
Kərimovun naxışlarından istifadə edirik. Bəzən Sakit Məmmədov, Səttar
Bəhlulzadə, Taleh Salahov kimi dahi rəssamlarımızın yaradıcılığına da müraciət
edirik”.
Heykəltəraş İlkin Hüseynov iş prosesini izah edir:
“Birinci kəsim, ikinci yonma, sonuncu mərhələ hamarlamadır. Daha sonra rəssama
veririk ki, rəngləsin. Hazırlanma prosesi atributun ölçüsünə görədir. Heyvan və
insan fiqurları bir qədər çox vaxt aparır, onların başı və bədənini
ayrı-ayrılıqda hazırlayırıq. Məsələn, keçəlin fiqurunu bir günə hazırlamışam”.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid