899de5d0-d79c-49c8-bf9f-59b7ba283031..jpg

Böyük missiyası olan kiçik şəhər – “Kaspi”nin REPORTAJI + FOTO

Baxış sayı: 654 dəfə baxılıb.

Böyük missiyası olan kiçik şəhər – “Kaspi”nin REPORTAJI + FOTO

Vatikanın özünün gerbi, bayrağı, mühafizəçiləri və hətta dili – latın dili
var. Dünyanın ən kiçik ölkəsi qəzet nəşr edir, radiosu və poçtu fəaliyyət
göstərir.

Roma ətrafında gəzərkən təsadüfən İtaliyanı tərk edə, sərhədi keçə və başqa
bir ölkəyə düşə bilərsiniz. Bu qədim şəhərin tam mərkəzində Vatikan dövləti
(Stato della Citta del Vaticano) yerləşir. Buraya ictimai nəqliyyatla və ya
piyada gəlmək mümkündür. Qala divarı ilə əhatə olunan dövlət 1929-cu ildə rəsmi
olaraq qurulub. Onun kiçik ərazisini bir saatdan az müddətdə piyada gəzmək
mümkündür.

Mövzuyla bağlı “Kaspi”

qəzetinin reportajını təqdim edirik.

Vatikan katolik kilsəsinin başçısı Papanın iqamətgahı kimi tanınır. Vatikan
Romanın tam mərkəzində bütün katoliklər üçün müqəddəs olan şəhər-dövlətdir,
dünya xristianlığının mərkəzidir. Ona görə də “Böyük missiyası olan kiçik
şəhər” adlanır.

Səki daşlarında gözə dəyməyən ağ xətt

Katedral binasından çıxıb Müqəddəs Pyotr meydanını keçsəniz, səki daşlarında
gözə dəyməyən ağ xətt görə bilərsiniz. Bir çox turist buna əhəmiyyət vermir,
lakin bu, İtaliya və Vatikanı ayıran dövlət sərhədidir.

Vatikanın gerbi, bayrağı, mühafizəçiləri və hətta dili – latın dili var.
Dünyanın ən kiçik ölkəsi qəzet nəşr edir, radiosu və poçtu fəaliyyət göstərir.
Üstəlik, burada hətta dəmir yolu da var, lakin onun uzunluğu cəmi 275 metrdir.
500-ə yaxın vətəndaşının çoxu kilsədə işləyir.

Vatikanın ən mühüm görməli yerləri Müqəddəs Pyotr Meydanı və Katedrali,
Sikstin kapellası, Apostol Sarayı və qiymətsiz sənət əsərləri ilə dolu Vatikan
muzeyləridir. Sandro Botticelli, Mikelancelo, Rafael və Bernini kimi parlaq
sənətkarlar Vatikanda yaşayıblar. Vatikanın 44 hektar ərazisinin 80%-ini tarixi
abidələr, heykəllər, sənət əsərləri və bağlar tutur. Bu baxımdan, Vatikan əsl
gözəllik və harmoniya adasıdır.

Vatikanın ürəyi – Müqəddəs Pyotr bazilikası

Müqəddəs Pyotr meydanı turistlərin və zəvvarların sevimli məkanıdır, çünki
burada Papanı görmək və onun xütbəsini dinləmək olar.

Vatikana səfər edən bütün turistlər Müqəddəs Pyotr Bazilikasını (Basilica di
San Pietro) ziyarət edirlər. Kilsə Vatikanın ürəyi hesab olunur. Kilsəyə daxil
olmaq üçün uzun-uzadı növbələr olur. İlk Roma Papası Pyotr bu kilsədə dəfn
olunub. Əvvəlcə müqəddəsin iddia edilən məzarı üzərində kiçik bir ibadətgah
tikilib və 16-cı əsrdə onun binası yenidən qurularaq nəhəng bir kilsəyə
çevrilib. Bu dini binanın memarlığı və interyeri üzərində məşhur italyan
ustaları Bernini, Mikelancelo və Rafael çalışıblar.

Müqəddəs Pyotr Bazilikası dünyanın ən böyük xristian kilsəsidir. Bu möhtəşəm
məbədin tikintisi 120 il çəkib. Bu müddət ərzində 18 papa və İntibah və Barokko
dövrünün ən yaxşı memarlarından 12-si dəyişdirilib.

Vatikanda bir çox zəvvarın görmək istədiyi Müqəddəs Pyotrun bürünc heykəli
var. İtalyan heykəltəraş Arnolfo di Kambionun müəllifi olduğu heykəl 13-cü
əsrdə yaradılıb. Heykəldə əli qaldırılmış, möminlərə xeyir-dua verən Müqəddəs
Pyotr təsvir edilib. Bura gələn zəvvarlar müqəddəs həvarinin tunc ayaqlarını
öpürlər.

Katedralın əzəmətini və gözəlliyini tam qiymətləndirmək üçün günbəzin
zirvəsinə qalxa bilərsiniz. Kilsəyə giriş pulsuz olsa da, günbəzə (Kupol) giriş
üçün 10 avro ödəməlisiniz. Liftlə qalxdıqdan sonra 355 dar pilləni piyada
addımlamaq o qədər də asan deyil. Ancaq bu çətinlik turistə Mikelancelonun
günbəzi bəzəyən əsərlərini daha yaxından seyr etməyə və Vatikanın və Romanın
nəfəs kəsən panoramasını izləməyə imkan verir.

Həftədə bir neçə dəfə Müqəddəs Pyotr Bazilikasında kütləvi mərasimlər
keçirilir. Onlara qatılmaq istəyənlər adətən başlamazdan bir neçə saat əvvəl
yer tuturlar.

Papanın iştirakı ilə keçiriləcək mərasimə biletləri pulsuz – Müqəddəs Pyotr
meydanında sağ sütunun altındakı tunc qapıdan əldə etmək olar. Onlar tədbir
ərəfəsində – 15.00-dan 19.00-a qədər və ya həmin günün səhəri saat 7.00-a qədər
verilir. Vatikana səfərimin ikinci günü kilsədə keçirilən mərasimdən papanın
çıxışı meydana canlı yayımlanırdı. Öncədən icazəsi olanlardan başqa turistlər
kilsəyə buraxılmırdı. İnsan izdihamına qoşulub Papanın çıxışını meydandan canlı
izləyənlər arasında olmağın həyəcanını yaşadım…

Gözəllik və harmoniya adası

Vatikan muzeyləri dünyada özünü tamamilə təmin edən yeganə muzey kompleksidir.
Burada 13 muzey var. Bu muzeylər qiymətsiz memarlıq və incəsənət abidələri ilə
məşhurdur. Kolleksiyaçıların hesablamalarına görə, dünyanın ən kiçik dövlətinin
ərazisində yerləşən bütün sənət nümunələrinin ümumi dəyəri trilyonlarla
ölçülür. Vatikan ilk növbədə heykəlləri ilə seçilir. Mütəxəssislər qeyd edirlər
ki, Vatikanın səthinin üçdə iki hissəsini dünya incəsənətinin və memarlığının
qiymətli nümunələri tutur. Məsələn, təkcə 2013-cü ildə Vatikan muzeylərini 5,5
milyon insan ziyarət edib. Bütün bunlar Vatikanın dünyanın ən zəngin
dövlətlərindən biri olduğunu göstərir. Bir neçə əsr ərzində burada ən məşhur
rəssamların və heykəltəraşların əsərləri toplanıb.

Vatikan, YUNESKO-nun tərifinə görə, “bəşəriyyətin bədii irsidir”. Hər gün
Vatikan muzeylərini 20-25 min insan ziyarət edir. Hesablanıb ki, muzeylərin hər
bir eksponatına baxmaq üçün bir dəqiqə vaxt sərf olunursa və onların sayı 120
000-dirsə, ziyarətçiyə 88 gün lazımdır. İnsanlar ilk növbədə dinindən asılı
olmayaraq məşhur Sikstin kapellasını ziyarət etməyə tələsirlər. Vatikan
muzeylərini və bazilikasını ziyarət edərkən böyük ustadların əməyinin
nəticəsinə heyran olmamaq mümkün deyil. Bu, insan qüdrətinin ən yaxşı şəkildə
nəyə qadir olduğunun mükəmməl nümunəsidir. Burada hər şey var: gözəllik hissi,
estetika, harmoniya, əzəmət, monumentallıq və təbii ki, heykəltəraşların,
memarların və rəssamların istedadı və zəhməti…

Source link