Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Nə qardaşımın, nə də atamın məzarını tapa bildik. Ermənilər Qarağacı
qəbiristanlığını bütünlüklə dağıdıblar. Böyük ümidlərlə getmişdik, ancaq əliboş
qayıtdıq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki
şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib. O bildirib
ki, Ağdam işğaldan azad olunandan sonra qardaşının dəfn olunduğu qəbiristanlığa
gediblər və gördüklərinə inanmayıblar.
“Anam son nəfəsinə qədər qardaşımın məzarını ziyarət etməyi arzulayırdı. Onun
vəsiyyətini yerinə yetirmək üçün portalda qeydiyyatdan keçib Şıxbaba kəndinə
getdik. Ancaq gördüklərimiz bütün xəyallarımı yerlə bir etdi. Qarağacı
məzarlığında bir qəbir salamat qalmamışdı. Atamı da orada dəfn etmişdik. Nə
onun, nə də qardaşımın qəbrini tapa bildik. Böyük üzüntü ilə geri qayıtdıq”.
Bacısının sözlərinə görə, gələcəkdə Qarağacı qəbiristanlığında qardaşına
yenidən məzar abidəsi qoyacaqlar:
“Onun adına bir abidənin olmasını istəyirik. Çünki anam illərlə o məzara
həsrət yaşadı, o həsrətlə bu dünyadan köçdü. Hətta Ağdam torpağından gətirib
onun qəbrinin üzərinə tökdük”.
N.Quliyeva bildirir ki, köç başlayan zaman qardaşı və bacısı ilə birlikdə
Ağdama gedəcəklər.
Qeyd edək ki, 1988-ci ildə Sovet İttifaqının rəhbərləri tərəfindən himayə
olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir
ssenari ilə həyata keçirilirdi.
1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin
yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim
olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın
inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və
Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər
Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir,
Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali
Sovetinə göndərilməsini tələb edirdilər.
Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu
erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən
ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə
azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın
mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar
Əsgərana doğru hərəkət etdilər. Yürüş edənlərin məqsədi dava salmaq yox,
yaranan anlaşılmazlığa son qoymaq idi.
Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var
səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan
qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.