8737c7ff-5475-46ff-a5bf-b3d032f3c303..jpg

Braziliya hökuməti Azərbaycan və Ermənistanın yaydığı birgə açıqlamaya münasibət bildirib

Baxış sayı: 688 dəfə baxılıb.

Braziliya hökuməti Azərbaycan və Ermənistanın yaydığı birgə açıqlamaya
münasibət bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya hökuməti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və
Ermənistan Respublikasının Baş nazirinin Aparatının yaydığı birgə açıqlamaya
münasibət bildirib

.

Bu barədə Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliya hökuməti iki ölkə arasında münasibətləri
normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında
sülh sazişi əldə etmək niyyətlərini məmnunluqla qeyd edib.

Mətbuat relizində o cümlədən, Birgə Bəyanatda əksini tapmış məhbusların
qarşılıqlı azadlığa buraxılması, Ermənistanın Azərbaycanın COP-29-a ev
sahibliyi etmək üçün namizədliyini dəstəkləməsi və iki qonşu ölkə arasında
etimadın gücləndirilməsi tədbirləri müsbət hal kimi qeyd olunur. Braziliya
tərəfi həmçinin Cənubi Qafqazda dialoqun, əməkdaşlığın və rifahın inkişaf
etdirilməsi üçün yeni dövrün başlanmasına təkan vermiş bu təşəbbüsə görə hər
iki ölkəni təbrik etmiş və münaqişələrin yalnız beynəlxalq hüquq prinsiplərinə
əsaslanaraq diplomatik yollarla həllinin vacibliyini qeyd edib.

Braziliyanın erməni diasporunun sıx məskunlaşdığı və aktiv fəaliyyət
göstərdiyi bir Latın Amerikası ölkəsi olmasına baxmayaraq, ölkəmizin
suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhəd
toxunulmazlığı Braziliya tərəfindən dəstəklənib. Təsadüfi deyil ki,
Azərbaycanın vaxtı ilə işğal olunmuş torpaqlarının tam və qeyd şərtsiz
qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının (TŞ) məlum dörd qətnaməsi
1993-cü ildə Braziliyanın BMT TŞ-da qeyri-daimi üzvlüyü zamanı, hətta 874 saylı
qətnamə Braziliyanın BMT TŞ-da sədrliyi dövrünə qəbul edilib.

Braziliya tərəfi həmçinin, bu ilin 16 avqust tarixində BMT TŞ-da keçirilmiş
müzakirələrdə ölkəmizə münasibətdə tutduğu mövqeni bir daha sərgiləyib, o
cümlədən Ağdam-Xankəndi marşrutunun istifadəsi mümkünlüyünün araşdırılmasına
çağırış edib.

Bu il Azərbaycan və Braziliya arasında diplomatik münasibətlərin qurulmasının
30-cu ildönümü qeyd edilir və bu münasibətlə hər iki dövlət başçısı tərəfindən
qarşılıqlı olaraq təbrik məktubları ünvanlanıb.

Source link