e1d5d9ba-9096-4d63-9238-85ec02fbdc1f.webp

BRICS Azərbaycana nə verə bilər?

Baxış sayı: 155 dəfə baxılıb.

Rüstəm Qaraxanlı yazır…

1990-cı ildə “Qlobal Cənub”un dünya ÜDM-dəki payı 19% təşkil edirdisə, 2024-cü
ilin statistikasına görə, bu göstərici 50%-lik həddi arxada qoyub. BRICS-in
Kazan sammitində Vladimir Putinin təşkilat üzvlərinin dünya iqtisadiyyatındakı
payının Qərbin ehtiyatlarını ötdüyünü elan etməsi tədbirin əsas ideoloji
leytmotivi oldu. Son üç onillikdə BRICS cəbhəsində olan ölkələrin dünya
iqtisadiyyatındakı rolunda fundamental dəyişikliklər baş verib: “üçüncü dünya
dövlətləri”, “az inkişaf etmiş dövlətlər”, yaxud politkorrektlik naminə “Qlobal
Cənub”un təmsilçiləri adlanan bu ölkələr xammal ixracatçıları imicini dünya
investorları statusuna dəyişməyə müvəffəq olublar.

“The Africa Wealth Report”un məlumatına əsasən, BRICS-in ən cənub təsisçisi
Cənubi Afrikada 2023-cü ildə 37400 milyonçu, 102 multimilyonçu və 5 milyarder
olub. Tək Yohanesburq şəhərində 12300 nəfər dollar milyonçusu, 2 milyarder
yaşayır. Afrikanın digər təmsilçiləri – Misir, Nigeriya, Keniya, Mərakeş,
Əlcəzair, Qana, Efiopiya, Namibiya və Mavriki “qara qitə”nin milyonçularına
görə lider mövqedədirlər. Yaxın 10 ildə onların sayının 80% artacağı
proqnozlaşdırılır.

Dünyanın ikinci iqtisadiyyatı sayılan və ABŞ-ni ötmək niyyətində olan Çində
milyarderlərin sayı 1100 nəfərdən çoxdur. “Forbes”in məlumatına görə, iki ildən
çoxdur faktiki iqtisadi blokadada və sanksiyalar altında olan Rusiyada 125
milyarder yaşayır. 2023-cü ildə onların sayı 19 nəfər, var-dövlətləri isə 71,8
milyard dollarlıq artım nümayiş etdirib. Braziliyada 80 milyarder yaşayır,
onlardan birinin cəmi 19 yaşı var. BRICS-in ötənilki sammitində Aya kosmik
raket uçurmaqla geosiyasi iddialarını daha da möhkəmləndirən və təşkilatın
liderliyinə can atdığını anons edən Hindistanda da təqribən eyni mənzərədir.
XXI əsrin elmi-texnoloji trendlərini əxz edən bu dövlətlər birqütblü və
istismarçı dünya reallıqları ilə razılaşmaq istəmirlər. Kollektiv Qərbin onlar
üzərindəki aşağılayıcı dominantlığı və Cənub təmsilçilərinin yalnız xammal
statusunda qalmaq istəməmələri BRICS-in iqtisadi nüfuzunu və siyasi çəkisini
artıran başlıca amildir.

“Qlobal Şimal”, yaxud kollektiv Qərbə alternativ olan “Qlobal Cənub”
terminində “cənub” ifadəsi əslində şərti xarakter daşıyır. Çünki təmsilçilərin
az bir qismi, məsələn, CAR, yaxud Braziliya ekvator xəttindən aşağıda yerləşir.
Nə Rusiya və Çin, nə əhalisinin sayına görə dünya birinciliyini ələ keçirən
Hindistan, nə də yeni üzvlər olan BƏƏ və İran coğrafi baxımdan bu terminoloji
klassifikasiyaya uyğun gəlmirlər. Yaxud, Avstraliya və Yeni Zelandiya cənubda
yerləşsələr də, Yaponiya ilə birlikdə Qərb alyansının əvəzedilməz üzvləridirlər.

Əgər kollektiv Qərbin əsas təşkilatları G-7 və Avropa Birliyidirsə, “Qlobal
Cənub”da bu rolu BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı oynayır. Birincinin
sürətlə genişlənməsi onu göstərir ki, bu qurum birqütblü dünya və Qərbin
imperialist yanaşmasına müxalif olan əsas təşkilata çevrilir. BRICS-lə
hesablaşmamaq mümkün deyil. Ukraynanın BMT-nin baş katibi Antoniu Quterreşi
Kazana getməyə görə tənqid etməsinə qarşı əks-arqument bu reallığın əyani
etirafıdır: dünya əhalisinin tən yarısı BRICS ölkələrində yaşayır. Bu amili
necə inkar etmək olar?

Azərbaycan BRICS-lə əməkdaşlıqdan nə əldə edə bilər? Milli ictimai rəyi Kazan
sammiti prizmasından ən çox maraqlandıran sual budur. Rəsmi Bakı sanballı
müttəfiqlik şəbəkəsinə əsaslanan xarici siyasət kursunu nümayiş etdirməklə
yanaşı, istənilən hərbi-siyasi blokdan məsafədə durmağa üstünlük verir. Bu
siyasi kurs özünü Azərbaycanın dünyanın ikinci ən iri beynəlxalq təşkilatı olan
Qoşulmama Hərəkatındakı üzvlüyündə və liderliyində tam doğruldur. Məsələnin,
siyasi incəliyi ondadır ki, bu hərəkatın əksər üzvləri özlərini məhz “Qlobal
Cənub” geosiyasi məkanında, yaxud BRICS-də görürlər. Bu baxımdan, Azərbaycanın
BRICS-lə siyasi təmaslarını intensivləşdirməsi, hətta gələcək mümkün üzvlüyü
belə tam əsaslı gedişat təsiri bağışlayır.

BRICS üzvləri sırasında həm coğrafi baxımdan qonşuluqda, həm də iqtisadi
potensial nöqteyi-nəzərdən Azərbaycana maraqlı olan xeyli sayda dövlətlər var.
Rusiya öz yerində, ərəb dünyası bir, strateji müttəfiqimiz və “Orta dəhliz”in
əsas benefisiarı olan Çin isə digər tərəfdən. Azərbaycan tək Şərq-Qərb logistik
dəhlizin deyil, eyni zamanda, Şimal-Cənub layihəsinin aparıcı bəndlərindən
biridir. 2001-ci ildən etibarən Cənub-Cənub xəttinin dünya ÜDM-dəki investisiya
payı durmadan artır. Bu müstəvidə Şimal-Cənub və Cənub-Şimal istiqamətli
investisiya portfeli Şimal-Şimal xəttini geridə qoyur. Bu baxımdan,
Azərbaycanın geoiqtisadi verktorunu bu istiqamətə yönəltməsi yüksək rentabellik
vəd edən siyasətdir.

Yeri gəlmişkən, Ermənistanın Rusiya ilə 14 milyard dollara çatacaq iqtisadi
dövriyyəsində İrəvanın Rusiya almazının BƏƏ-yə ötürülməsi prosesində tranzit
funksiyasının böyük payı var. Müqayisə üçün, Ermənistanın əsas müttəfiq Fransa
ilə ticarət dövriyyəsi təvazökar həddə – 100 milyon dolların bir qədər
üzərindədir. ABŞ ilə da aşağı-yuxarı bir o qədər. Yəni iqtisadi baxımdan,
İrəvan da faktiki olaraq BRICS məkanındadır ki, Azərbaycanla yekun sülhə doğru
inqilabi irəliləyişin məhz Kazan sammitinə təsadüf etməsi qeyri-adi təəssürat
bağışlamamalıdır.

Source link