Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada
komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri
ilə toplanış keçirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində toplanışın
başa çatması münasibətilə keçirilən buraxılış mərasimində müdafiə nazirinin
birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik
Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqların
ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş Qərargah rəisi iştirakçıları müdafiə naziri general-polkovnik Zakir
Həsənovun adından salamlayıb, onları toplanışı müvəffəqiyyətlə başa vurmaları
münasibətilə təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
General-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin tapşırığına əsasən, Azərbaycan
Ordusunda aparılan islahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun
zabit kadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunu qeyd
edib.
Müdafiə nazirinin birinci müavini çıxışında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə çoxməqsədli “JF-17C” (Block-III) təyyarələrinin
təqdimatının və Bakıda keçirilmiş ADEX Beynəlxalq Müdafiə Sərgisinin
əhəmiyyətini xüsusi qeyd edib.
Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətə sertifikatlar
təqdim edilib.