Bris Lalond: “İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək
COP29-da həllini tapa bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini
tapa bilər”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın sabiq dövlət
katibi, ətraf mühit üzrə sabiq nazir, BMT-nin Davamlı İnkişaf Konfransının
icraçı koordinatoru Bris Lalond bildirib.
O, paytaxt Parisdəki Beynəlxalq Kommersiya Ali Məktəbində Fransanın Avropada
Perspektiv və Təhlükəsizlik İnstitutunun dəstəyi ilə keçirilən “Sabahın nefti”
adlı konfransda deyib ki, Azərbaycan planetin mühafizəsi naminə təxirəsalınmaz
qərarların qəbul edilməsində həlledici rol oynaya bilər.
B.Lalond gələn il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının – COP29-un Tərəflər Konfransının 29-cu sessiyasına böyük
ümidləri olduğunu söyləyib:
“Bütün dövlətlər birləşib istixana qazlarının miqdarını azalmağa nail
olmalıdır. Bu istiqamətdə görülən işlər özünün real həllini gələn il Bakıda
keçiriləcək COP29-da tapa bilər. Biz Azərbaycanın bu məsələdə vacib rol
oynayacağına böyük ümidlər bəsləyirik”.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına
tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz
1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35
faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf
müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40
faiz azaldılmasından ibarətdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər
Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas
məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri
qiymətləndirməkdir.