Britaniya qanunsuz miqrasiyaya görə beynəlxalq qurumu tərk edəcəkmi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
London Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yurisdiksiyasını tərk edə
bilər.
Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak “The Sun” qəzetinə
müsahibəsində bildirib.
O bu addıma səbəb kimi qeyri-qanuni miqrasiya ilə mübarizəni göstərib.
“Hesab edirəm ki, sərhəd təhlükəsizliyi və qeyri-qanuni immiqrasiya ilə
mübarizə bizim hər hansı bir xarici məhkəməyə üzvlükdən daha vacibdir”, – deyə
hökumət başçısı əlavə edib.
Britaniyanın baş naziri məsələni sona çatdıracağına söz verib və əlavə edib
ki, onun fikrincə, Londonun qeyri-qanuni miqrasiya ilə mübarizə sxemi bütün
beynəlxalq öhdəliklərə, o cümlədən AİHM qarşısındakı öhdəliklərə uyğundur.
Sunak qeyri-qanuni miqrasiya ilə mübarizə məsələsini Britaniyanın suverenliyi
üçün fundamental hesab edib və bunu seçki kampaniyası vədi edəcəyini bildirib.
Bu il Böyük Britaniyada parlament seçkisi keçirilməlidir.
Sunak əlavə edib ki, o, özü mühacir ailəsindəndir.
“Düşünürəm ki, bu, həmişə qonaqpərvər, mərhəmətli bir ölkə olacaq, lakin bunu
ədalətli, qanuni şəkildə etmək lazımdır. Biz öz növbəmizi gözləyən, ədalətli
payımızı ödəyən, qaydalarla oynayan insanlarıq və bu, bütün bu anlayışlara
ziddir. Buna sadiq qalmağımız çox vacibdir”, – deyə o vurğulayıb.
Nəşrin məlumatına görə, Sunakın bu bəyanı, iki il əvvəl Böyük Britaniyadan
Ruandaya qeyri-qanuni miqrantların ekstradisiyasına cəhdin qarşısını alan
Strasburq hakimlərinə indiyədək edilən ən ciddi xəbərdarlıqdır.
2022-ci ilin aprelində Böyük Britaniya Ruanda ilə qeyri-qanuni miqrantların
ora göndərilməsi ilə bağlı razılığa gəlib, lakin həmin ilin iyununda AİHM-in
qərarı ilə ilk belə reys ləğv edilib.