Britaniyalı ekspert: “Azərbaycan COP29-a özünəməxsus töhfə verə bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri
Konfransının 29-cu sessiyasına (COP29) özünəməxsus töhfə verə bilər”.
Bunu “Report”a açıqlamasında BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE)
Dayanıqlı Enerji və Layihə üzrə Məsləhət Şurasının üzvü, Atlantik Şuranın baş
elmi işçisi, enerji təhlükəsizliyi mütəxəssisi Con Roberts (John Roberts) deyib.
O qeyd edib ki, iqlim dəyişikliyinin fiziki əlamətlərinin artdığı bir dövr
olduğu üçün bu konfrans çox vacibdir:
“Kəskin istilərin, şiddətli fırtınaların, bir sözlə, əvvəllər kifayət qədər
sabit olan hava şəraitindəki dəyişikliklərin şahidi oluruq. Atmosferin kimyəvi
tərkibinin nəticəsi olaraq hər şey çılğınlaşır. Odur ki, biz həm dünyanın
siyasi liderlərinə, həm də adi vətəndaşlara bu vəziyyətin nə qədər təhlükəli
olduğunu və bunun nə üçün baş verdiyini daim izah etməliyik. Bilməlidirlər ki,
bu, insanların orta karbon tərkibini artırması və nəticədə planetin sürətlə
istiləşməsinə görə baş verir. Elə ona görə də konfransın təşkili olduqca
əhəmiyyətlidir”.
Ekspertin fikrincə, Azərbaycan karbohidrogen yanacağı istehsalını tədricən
dayandıracağını elan edən ilk əsas karbohidrogen yanacağı tədarükçüsü olacağını
açıqlaya bilər:
“Bunu ifadə edərkən çox diqqətli olmağa çalışıram, çünki proseslə bağlı vaxt
qrafiki qoya bilmirəm. Amma artıq biz bilirik ki, Azərbaycanın neft hasilatı
pik həddə çatdığı 2010-cu ildəkinin təxminən yarısı qədər aşağı düşüb. Hazırda
Azərbaycanın qaz hasilatı artır. Həmçinin, Azərbaycanda bərpa olunan enerji ilə
bağlı çox böyük layihələr var. Lakin bu gün bərpa olunan enerji Azərbaycanın
enerji təchizatının yalnız 6%-ni əhatə edir”.
Mütəxəssis vurğulayıb ki, Azərbaycan daha çox neft, kömür hasil etmədən özünü
idarə edə biləcəyini düşünə bilər və burada onun böyük bir üstünlüyü var:
“Çünki Azərbaycan həm külək, həm də Günəş enerjisi istehsal etmək potensialı
baxımından fenomenal təbii sərvətlərə malikdir, kömürdən asılı deyil. Deməli,
məsələni həll edə bilər. Ancaq bu, çox mürəkkəb və bahalı proses olduğuna görə
yeni təchizat zəncirlərinin çox əhəmiyyətli inkişafını tələb edir. Məsələn,
hidrogen ixracı və elektrik enerjisinin Qara dənizin dibi ilə Avropa
bazarlarına çıxarılmasının digər məntiqi yolu kimi ixrac perspektivi həm
bahalı, həm də mürəkkəbdir. Ancaq bununla belə, bu, köklü dəyişiklik edəcək və
təxminən 2050-ci ilə qədər xalis sıfır emissiyaya töhfə verə biləcək bir
yanaşmadır”.
C.Roberts Azərbaycanın bərpa olunan enerji mənbələrindən istifadə etməkdə
maraqlı olduğunu da diqqətə çatdırıb:
“Doğrudur, Azərbaycan öz sərvətini karbohidrogen yanacağı hesabına qazanıb.
Ancaq deyə bilərəm ki, hökumətdə bərpa olunan enerji mənbələrindən istifadə
etmək arzusu var. Bu ambisiya yenilənə bilən gələcəyi təmin etmək əzmi ilə
dəstəklənir. Azərbaycan belə bir addım atan, uzunmüddətli perspektivdə öz
bəhrəsini görə bilən azsaylı karbohidrogen yanacağı istehsalçılarından biridir.
Proses çətin olacaq, lakin bu, dünyaya böyük fayda gətirəcək və Azərbaycan
rəhbərliyinin gözəl nümunəsi olacaq”.