Britaniyalı jurnalist: “Qərb Azərbaycana minaların təmizlənməsində az kömək
edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Böyük Britaniyadan olan jurnalist Neil Uotson “nj.com
” portalında Azərbaycanın işğaldan azad edilən ərazilərində minatəmizləmə
problemi ilə bağlı məqalə dərc edib.
Cixisyolu.com xəbər verir ki, məqalədə Qarabağda əsas problem olan yerüstü minalar
nəzərdən keçirilir.
Jurnalist bildirir ki, Qərb dövlətləri və təşkilatları bu problemin həllində
Azərbaycana real olaraq az yardım göstərirlər.
Məqalədə deyilir ki, hazırda Azərbaycanın qarşısında işğal dövründə Ermənistan
silahlı qüvvələri tərəfindən quraşdırılmış təxminən 1,5 milyon yerüstü minanın
zərərsizləşdirilməsi kimi böyük vəzifə dayanır.
Minalar yaşayış məntəqələrinin bərpasını və mülki əhalinin yeddi min
kvadratkilometr ərazidə məskunlaşmasını çətinləşdirir. Sözügedən ərazi
Lüksemburqun ərazisindən təxminən üç dəfə çoxdur. 1990-cı illərdə erməni
qoşunları tərəfindən Qarabağdakı torpaqlarından qovulmuş azərbaycanlı məcburi
köçkünlərin sayı 650 min nəfərdir. Aydındır ki, Azərbaycan öz ərazisini bərpa
etdikdən sonra onlar geri qayıtmağa çalışırlar. Ancaq mina partlayışları
yaşayış yerləri hazır olmadan geri dönməyə cəhd edən insanları öldürür və ya
yaralayır.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
telefon açıqlamasında qeyd edib ki, bu minaların Ermənistan tərəfindən dağınıq
şəkildə və bəzən heç bir hərbi zərurət olmadan, nişanlanmadan və hasarlanmadan
qoyulması minaların təmizlənməsini çətinləşdirir, insan itkisi davam edir və
günahsız mülki əhali üçün ciddi təhlükə yaranır.
BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən edilən kömək istisna olmaqla, Qərb
Azərbaycana heç bir dəstək göstərmir.
Məqalədə qeyd edilir ki, 2020-ci ilin noyabr ayında atəşkəs sazişinin
imzalanmasından indiyədək Qərb Azərbaycan Minatəmizləmə Agentliyinə (ANAMA)
cəmi 12,5 milyon dollar yardım ayırıb. Halbuki minatəmizləməyə təxmin edilən
vəsait 25 milyard dollar dəyərində qiymətləndirilir. Azərbaycan özü
2022-2026-cı illər üçün yenidənqurma işlərinə 11 milyard dollardan çox vəsait
ayırıb.
Qarabağda 147 988 hektar hələ də çox çirklənmiş ərazilər kimi təsnif edilir,
675 570 hektar isə orta və aşağı təhlükə sahələri hesab olunur.
Noyabr ayında ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki,
2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları
nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin
partlayıcı qalıqlarından təmizlənib.
Azərbaycan minalanmış ərazilərin xəritələri üçün Ermənistana dəfələrlə
müraciət etsə də, İrəvan rəsmiləri əvvəlcə bu cür xəritələrin mövcudluğunu
inkar edib, sonra isə bunların əsir düşən erməni əsgərlərlə dəyişdirilməsinə
razılıq veriblər. Ermənistanın Azərbaycana təqdim etdiyi xəritələr azad olunan
ərazilərin 5 %-ni əhatə edir və yalnız 25 %-nin dəqiq olduğu bildirilir.
Ermənistan isə öz növbəsində, əlində olan bütün xəritələri verdiyini iddia edir.
Minalardan təmizlənmənin ən böyük maneələrindən birini xərclər təşkil edir.
Minaların yerləşdirilməsi nisbətən ucuz, 3-75 ABŞ dollarına başa gəlsə də,
Beynəlxalq Qızıl Xaç Komitəsinin hesablamalarına görə, bir minanın
zərərsizləşdirilməsi 300-1000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii
qaz ehtiyatlarına görə nisbətən zəngin ölkə olan Azərbaycan üçün də bu, ciddi
problem yaradır.
Jurnalist vurğulayır ki, Qərbin Ukraynadakı müharibə səbəbindən bu ölkəyə
əhəmiyyət verdiyini nəzərə alsaq, Azərbaycanın bu sahədə donor çatışmazlığı
üzləşəcəyi qaçılmazdır.
Buna baxmayaraq, fevralın 7-də Avropa İttifaqı, Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan hökuməti insanların
həyatını xilas etmək və məcburi köçkünlərin evlərinə qayıtmasına kömək
məqsədilə minalardan təmizləmə layihəsinə başlayıb.
Avropa İttifaqı “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına
dəstək” layihəsinə 4,25 milyon avro maliyyə vəsaiti ayırıb. Layihə 20 kəndi
əhatə edir və 33 604 ailə bu layihədən birbaşa faydalanacaq.
Layihənin yerli orqanların potensialını gücləndirməsi və yerli və beynəlxalq
QHT-lər arasında tərəfdaşlığı təşviq edəcəyi gözlənilir. Layihə çərçivəsində
həmçinin ANAMA-nın idarəçilik və mina əleyhinə innovativ həllərin tətbiqi
sahəsində potensialını gücləndiriləcək.
BMTİP minaların və partlamamış hərbi sursatların aşkar edilməsi və məhv
edilməsi üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi
və yerləşdirilməsində ANAMA-ya dəstək verəcəyini bildirir. Bundan əlavə, BMTİP
minaların aşkarlanması və xüsusi avadanlıqların alınması üçün xəritələr
hazırlayacaq. Layihə çərmivəsində Azərbaycanda ənənəvi olaraq kişi peşəsi
sayılan minatəmizləmə əməliyyatlarına qadınların cəlb olunması planlaşdırılır.
“Minalar və digər partlayıcı sursatlar məcburi köçkünlərin təhlükəsiz şəkildə
geri qayıtmasına mane olur, onların evlərinə və kənd təsərrüfatı sahələrinə
çıxışına mane olur, beləliklə də, onları yaşayışlarını bərpa etmək
imkanlarından məhrum edir”, – BMTİP-in Azərbaycan üzrə nümayəndəsi Nuno Queyros
Şuşada baş tutan açılış mərasimində deyib. O əlavə edib ki, son 20 ildə BMTİP
Azərbaycanda 850 000-dən çox mina və digər partlayıcı silah-sursatın
təmizlənməsində ANAMA-ya dəstək verib, 160 500-dən çox məcburi köçkün uşaq,
qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.
BMTİP, həmçinin Azərbaycanda minatəmizləmə əməliyyatları aparmaq üçün ilk
qadın komandalarını yaradıb.
BMTİP-in rezident nümayəndəsi Alessandra Rokkasalvo deyib ki, qadınlar mina
qurbanı olduqlarına görə minatəmizləmə sahəsinə də töhfə verə bilərlər.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər 140 min
nəfərin doğma torpağına, evlərinə köçürülməsi planlaşdırılıb. Məcburi
köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində
reallaşdırılıb.
Azərbaycan hökuməti minalarla daha az çirklənmiş ərazilərə qayıdış
çərçivəsində pilot layihələri Füzuli və digər bölgələrdə həyata keçiriir.
Bu gün Azərbaycan təcrübə mübadiləsi əsasında mina hərəkatına qoşulan bir çox
beynəlxalq qurumlarla əməkdaşlıq edir. Hələ də minalardan təmizlənməyə ehtiyac
duyan çoxlu sayda ölkələrlə müqayisədə Azərbaycanın öz sərhədləri daxilində
əldə etdiyi təcrübə bölüşdürülməlidir.
“Biz öz təcrübəmizi bölüşməyə hazırıq. Ölkəmiz kiçik olsa da, əhalinin onda
biri minalardan əziyyət çəkib. Dünyada regional və etnik münaqişələrdən ziyan
görən daha 30 ölkə var. Minalar müharibənin ən məkrli vasitələridir. Bundan
milyonlarla insan zərər çəksə də, bu, nədənsə Davamlı İnkişaf Məqsədlərini
formalaşdıranların diqqətini cəlb etməyib”, – Elçin Əmirbəyov vurğulayıb.
Bu yaxınlarda Ukrayna nümayəndə heyəti minalardan təmizlənmə sahəsində təcrübə
toplamaq üçün Azərbaycana səfər edib. Səudiyyə Ərəbistanı Krallığının hökuməti
bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda həyata
keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.