40fd6721-c960-4f24-9eaa-50f4be14c7c3..jpg

Britaniyalı nazirin region səfəri: London “Azərbaycan kodu” yazır – TƏHLİL + FOTO

Baxış sayı: 749 dəfə baxılıb.

Britaniyalı nazirin region səfəri: London “Azərbaycan kodu” yazır – TƏHLİL +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Şimali
Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycanda səfərdədir. O, Azərbaycan
Prezidentiİlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr
aparıb.

Dokertinin səfəri Böyük Britaniyanın enerji siyasəti bazası əsasında regionda
maraqlarını yüksəltmək və onun təhlükəsizliyini daimi əsaslara çevirmək
planının ifadəsidir.

Böyük Britaniya buna görə Azərbaycanla potensial hərtərəfli əməkdaşlığı
şaxələndirmək üçün addımlar atmaq niyyətindədir.

Bu, Azərbaycan üçün də mühüm aspektdir. Çünki Britaniya Azərbaycana qarşı
olmaq xəttini tutmur və London-Bakı əlaqələrinin dinamikası nəzərəçarpacaq
dərəcədə üzüyuxarı hərəkət edir.

Azərbaycanın yaşıl enerjiyə keçid üçün atdığı addımlar və alternativ enerjini
Avropaya ixrac etmək potensialı əlaqələrin yüksəlməsini stimullaşdıracaq başqa
bir səbəbdir.

Çünki yaşıl enerji Britaniyanın qlobal maraqlarında önəm verdiyi iqtisadi
fazalardan biridir. Ona görə ki, hazırda geosiyasi trayektoriyaların müəyyən
olunmasında alternativ enerjilərə çıxış böyük bir rola malikdir.

Bu mənada Böyük Britaniyanın Cənubi Qafqazda çəkmək istədiyi “şəkil”də
Azərbaycanın yeri yaxşı mövqedə təsvir olunur. Lakin Britaniya görür ki,
Azərbaycanla Qərb arasında münasibətlər gərginləşir, xüsusilə, ABŞ və Fransanın
Ermənistana dəstək tonu Londonu narahat edir.

Fransanın Cənubi Qafqazda öz toxumlarını səpib onu əbədi əsaslara çevirmək
cəhdi Britaniyanın siyasəti ilə uyuşmur. Çünki bu iki ölkə arasında gizli bir
rəqabət mövcuddur, üstəgəl Parisin Bakıya qarşı davranışları Londonun bölgədəki
enerji sahəsindən tutmuş təhlükəsizlik məsələlərinə qədər əhatə olunan
maraqları ilə kəsişir.

ABŞ-yə gəlincə, o, qlobal teatrda Britaniyanın müttəfiqidir. Amma Cənubi
Qafqaz orbitində ABŞ-nin Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistana
dəstək verməsi London üçün sərfəli deyil.

Deməli, Dokerti Azərbaycan-Ermənistan sülh proqramını sabotaj edəcək xətləri
müzakirə edib onların yoluna qoyulmasını müzakirə etmək üçün regiona gəlib.

Britaniyalı nazirin səfərindən sonra belə hesablama aparmaq olar ki,
Azərbaycanla ABŞ arasındakı siyasi gərginlik bir qədər səngiyəcək. Ona görə ki,
Dokertinin səfərində yuxarıda bildirdiyimiz səbəbdən dolayı Azərbaycanla
ABŞ-nin ortaq fikrə gəlməsi üçün çağırış da dayana bilər.

Ümumilikdə, qeyd etdiyimiz məsələlər Böyük Britaniyanın Zəngəzur dəhlizi
layihəsi üzrə maraqlarını da əks etdirir – sözsüz ki, London həmin proyektdə
Bakının yanındadır.

Ermənistan, Azərbaycan və Gürcüstan turnesinə çıxan Dokertinin səfəri Londonun
Cənubi Qafqazdakı nəbzi yoxlamaq metodudur.

Bunlar Əliyevlə Dokertinin müzakirələrinin ikitərəfli və regional miqyaslı
aspektlər üzrə gündəliyini göstərir.

Yekun olaraq, Böyük Britaniya Cənubi Qafqazda Azərbaycanın yaratdığı
yenilənmiş reallıqların doğurduğu geosiyasi mübarizədən qətiyyətlə və
nikbinliklə çıxmaq istəyir.

London bu qətiyyətini Azərbaycanın maraqlarına əks gedə biləcək bir tərzə
kökləmir ki, bu da Bakının İrəvanla münasibətlərində birincinin üstün
mövqelərdə qalmasını qlobal cəhətdən stimullaşdırır.

Aqşin Kərimov

Source link