“Brüssel görüşü siyasi avantüra idi” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisin deputatı Hikmət Məmmədov Brüsseldə aprelin 5-də keçirilən
ABŞ-Aİ-Ermənistan görüşünü siyasi avantüra adlandırıb.
Deputat “Report”a açıqlamasında Ermənistanın sülhə qarşı siyasi avantürasının
və təxribatlarının davam etdiyini xatırladıb:
“Ən son 5 aprel tarixində Brüssel şəhərində keçirilən üçtərəfli yarıməxfi
görüş məhz bu avantüranın zirvə nöqtəsi idi və biz artıq postmüharibə dövrünü
iki mərhələyə bölə bilərik. Birincisi, 5 aprelə qədər regionda mümkün sülh
axtarışları dövrü, ikincisi isə 5 apreldən sonra Ermənistanın sülhə qarşı
şiddətlənməsi və bu istiqamətdə ABŞ, Avropa Birliyinin bu ölkəyə siyasi,
diplomatik, hətta hərbi yardım etməklə bağlı regiondakı vəziyyətin daha da
gərginləşdirilməsi mərhələsi”.
O hesab edir ki, bu addım regional təhlükəsizliyin özünü təhlükəyə atan
siyasətdir:
“Qərb açıq şəkildə bəyan edir ki, biz Ermənistanı gücləndirəcəyik. Düzdür,
bunu daha çox iqtisadi müstəvidə edəcəklərini desələr də, bütün hallarda
iqtisadi dirçəliş nəticə etibarilə həm də hərbi gücə gətirib çıxarır.
“Politico” nəşrinin yazdığına görə, baş nazir Paşinyan Avropadan olan
havadarları ilə görüşü zamanı Azərbaycanın hansı silahlara malik olması barədə
də “tərəfdaş”larını məlumatlandırıb. Azərbaycanın sahib olduğu silahlara
bərabər silahlar əldə etməklə rəsmi Bakı ilə müqayisədə güc əldə etmək üçün
sözügedən məsələ gündəmə gətirilib. Görünür, avropalı tərəfdaşları da Paşinyanı
dəstəkləyiblər”.
H.Məmmədovun sözlərinə görə, atılan addımlardan görünür ki, bəzi hallarda
Ermənistanı Gürcüstan üzərindən dənizə çıxarmaqla onu Qara Dəniz ölkəsinə
çevirməyə də cəhd edirlər:
“Belə ki, Gürcüstan ərazisinin Cavaxetiya əyalətində separatçılığın
alovlanması məsələsi də bununla əlaqədardır. Amma hesab edirəm ki, tarix nəticə
çıxarmaq üçün ən yaxşı dərslikdir. Yaxşı olar ki, ermənilər bu dərsliyə bir də
nəzər salsınlar. Azərbaycan əsla sülh çağırışından geri durmayacaq”.