Brüssel görüşü və İranın “lal” geosiyasəti – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tehranın susqun reaksiyası çox davam edə bilməz. Bu susqunluğun pozulması üçün
yetərincə dəlillər var. NATO-nun İranla sərhəddə yerləşməsi klerikal rejimi nə
vaxtsa hövsələdən çıxaracaq. Əsl teatr onda başlayacaq.
Aprelin 5-də keçirilən Brüssel görüşü ətrafında cərəyan edən hadisələrdən
bəlkə də ən diqqət çəkəni İran rəsmilərinin müəmmalı susqunluğu oldu. Üç ildən
çoxdur bölgədə hansısa mücərrəd “qırmızı xətt”lər deyib-duran, bu xətləri
keçənlərin acılı aqibəti barədə xəbərdarlıqlar edən rəsmi Tehran nədənsə
Brüsseldə əsası qoyulmuş Qərb-Ermənistan işbirliyinə münasibət bildirmək
istəmir. İndi İran başqaları ilə görüşməyə başlamış sevgilisini itirməkdən
qorxan məşuqa bənzəyir: onlarla olsun, amma məni də tərk etməsin. “Zəhm”i qeyb
olmuş İranın bu davranışının əsasında hansı amillər durur? Nə səbəbdən “qırmızı
xətt”lər yoxa çıxdı?
Mövzu ilə bağlı “Kaspi”
qəzeti məqalə dərc edib.
Fərqli “xarici qüvvələr”
İranın hazırkı passivliyinin doğurduğu suallar əsassız deyil. Üç il öncəyə
qayıdıb xatırlamalı olsaq, o vaxtkı mənzərə ilə indiki arasında yerlə-göy qədər
fərq var. Azərbaycanın öz əzəli torpaqlarını geri qaytarmaq üçün hərəkətə
keçməsi dünyada bəlkə də İrandan çox heç kimi qıcılandırmamışdı. Molla
rejiminin parlamentdəki təmsilçilərindən tutmuş, saqqallı hərbçilərinədək hər
kəs regiondakı “sərhədlərin dəyişilməsinin mümkünsüz” olmasından danışır,
hədə-qorxu gəlməklə məşğul idilər.
Biz hərbi əməliyyatların keçirildiyi günlərdə İran ərazisindən Ermənistana
daşınan silah-sursat karvanlarını, Qarabağda kök salmış separatçılar üçün
yanacaq sisternlərini, yolda nömrə-nişanlarını Ermənistan nömrələri ilə dəyişən
İran yük avtomobillərini unutmamışıq. Biz Azərbaycanın Qərb rayonlarından
Naxçıvana çəkilməli olan və Zəngəzurdan keçəcək yolun “İranın milli
təhlükəsizliyi”nə necə “təhlükə” olması barədə alovlu bəyanatları da
xatırlayırıq. Sərhədlərimiz boyunca iri hərbi manevrlər keçirən, ağır texnika
ilə yanaşı, çaylardan aşmaq üçün mobil hərbi körpülərin – pantonların istifadə
edilməsi, bunun videogörüntüsünün təmtəraqla yayılmasını yaddaşlarımıza həkk
etmişik. Bununla kimə hansı mesajın göndərildiyini də anlayırıq. Həmin
manevrlərdə ötən əsrin 70-ci illərinin istehsalı olan köhnə tankların
lüləyindən tutmuş müasir ballistik raketlərədək bütün arsenalın şimala doğru
tuşlandığı yadımızdadır. Hamısı nəyə görə idi? Bölgədə “xarici qüvvələr”in
qarşısını almağa görə. İndi isə sual olunur: bəs NATO, Fransanın İrəvana gələn
müdafiə naziri? Amerikalı hərbçilər? “Müşahidə missiyası” adı altında
pərdələnmiş avropalı hərbi kəşfiyyatçılar? Onlar xarici qüvvələr deyil, bəs
kimlərdir?
Müəmmalı passivlik
44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi örtülü
aqressiya səfirliyimizə edilən hücum və diplomatımızın qətl edilməsi ilə açıq
xarakter aldı. Maraqlı vəziyyət yaranmışdı: İran ögey dindən olan Ermənistanda
konsulluq açdığı bir dövrdə müsəlman, din qardaşı sayılan Azərbaycanın
Tehrandakı səfirliyinə edilmiş vəhşi silahlı basqına biganə münasibət bəsləyir,
diplomatımızı öldürmüş qatili gah psixi xəstə, gah “qısqanc ər” etməklə
cinayətin üstünü ört-basdır etmək istəyirdi.
Bu siyasət bu gün də dəyişməz olaraq qalır. Ermənistana Fransa (NATO)
istehsalı silah gətirilir, NATO üzvü olan dövlətlə hərbi əməkdaşlığa dair
sazişlər imzalanır, rəsmi İrəvan bölgənin ənənəvi aktoru, hazırkı Ermənistanın
tarixi yaradıcısı olan Rusiyanın bölgədən sıxışdırılması üçün dəridən-qabıqdan
çıxır, amerikalı hərbi ekspertlər erməni həmkarlarına təlimlər keçir, Tehranda
isə məzar susqunluğudur. Sanki həmin “xarici qüvvələr” bölgəyə yalnız
Azərbaycan vasitəsilə gələ bilərlər, “qırmızı xətt”lər isə bizə münasibətdə
“qızarır”. İranın Dəməşqdəki hərbi qərar qəbuletmə dayağının vurulmasına cavab
olaraq bu ölkənin parlamentində İsrailin Bakıdakı (?!) səfirliyinin
bombalanması təklif olunur. Ermənistanın Hindistandan aldığı hərbi silah-sursat
yenə də İran ərazisi ilə daşınır. Tehranın bu passiv siyasətinin kökündə hansı
hesablar və gözləntilər durur?
Susmaq “İran qızılı”dır
Susmaq da reaksiyadır, münasibətin bu tərzdə bildirilməsidir. Ələlxüsus da
əgər müəmmalıdırsa. İranın bu susqunluğu nə ilə əlaqədar ola bilər?
Geosiyasi səbəb. Hazırda izlənən geosiyasi proseslərin hədəfi Rusiya, Türkiyə
və Azərbaycana qarşı yönəlib. Qərb Ermənistan vasitəsilə bölgədə iki əsrlik
Rusiya mövcudluğuna son qoyub onun yerinə keçmək istəyir. Bu siyasətin bir qolu
da Türkiyə və Azərbaycanın sabitlik və iqtisadi təşəbbüslərinə qarşı yönəlib.
Hər şey biz istədiyimiz kimi olarsa, Türkiyə və Azərbaycanın bölgədəki
hərbi-siyasi üstünlüyünə iqtisadi dominantlıq da əlavə olunur. Çindən Qərbə
doğru logistik xətlərin coğrafiyasına diqqət yetirsək, buna əmin ola bilərik.
Tehranın davranışından belə çıxır ki, bu reallıq Qərb kimi, İrana da sərf
etmir. Burada daha bir müəmma baş verir: düşmən Qərblə İranın maraqları
üst-üstə düşür. İranın Qafqaz uğrunda Rusiya ilə tarixi ədavətini nəzərə alsaq,
belə qənaətə gəlmək olar ki, Tehranda uzaq Qərbin regionda aktivliyini qonşu
Rusiya, Türkiyə və Azərbaycanın mövcudluğundan üstün tuturlar.
Molla rejiminin biznes maraqları
İqtisadi səbəb. İranın hazırkı siyasətini biznes maraqları ilə də izah etmək
olar. 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi ətrafında cərəyan edən
hadisələr fonunda Ermənistanın “sülh kəsişməsi” adlı ölü doğulmuş təşəbbüsünün
əsas sponsorlarının Fransa və İran olduğunu unutmayaq. Bu “layihə”yə əsasən,
Hindistandan Avropaya uzanacaq “yol” İran və Ermənistandan keçməli idi. Bu
logistik “hab”ın mərkəzi nöqtəsi də təbii ki, tarixən “dünyanın mərkəzi olan”
Ermənistan idi. Avropa İttifaqının sponsorluğu ilə Ermənistan ərazisində
nəqliyyat tunelinin inşasına dair xəbərlər də həmin dövrə təsadüf edirdi.
Aydındır ki, Ermənistanın mürəkkəb və keçilməz relyefi fonunda hansısa
beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturundan danışmaq əbəsdir. Bu tunel
həmin problemin çözümü olmalı idi. İki milyard avroluq büdcə onun reallaşması
önündə başlıca maneə oldu: pulu vermək heç, kim qaytaracaqdı?
İqtisadi səbəbi aktual edən daha bir məqam Zəngəzur dəhlizinin bir qolunun
Araz çayı boyunca İrandan keçməsidir. 44 günlük müharibədən sonra bu nəqliyyat
dəhlizini az qala hər gün hədələyən Tehran qəflətən onun öz ərazisindən
keçməsinə razılıq verdi və Azərbaycanla müvafiq saziş imzaladı. Bu yolun
çəkilişi hazırda da davam edir. Tehranın bu qərarı daha bir müəmmaya səbəb
oldu: Zəngəzurdan keçəcək yolun İranın milli maraqlarına təhdid olduğu halda,
İran ərazisindən keçməsi həmin maraqlara necə toxunmadı? Yəni İranın bütün bu
hədə-qorxuları, hərbi manevrləri, raketlər və dronlara həsr olunmuş cizgi
filmləri, patriotik klipləri geosiyasət deyil, sadəcə biznesdir?
Tehranın susqun reaksiyası çox davam edə bilməz. Bu susqunluğun pozulması üçün
yetərincə dəlillər var. NATO-nun İranla sərhəddə yerləşməsi klerikal rejimi nə
vaxtsa hövsələdən çıxaracaq. Əsl teatr onda başlayacaq. Silahın bütün
istiqamətlərə atəş açmaq kimi xüsusiyyəti var. ABŞ istehsalı olan silahın da o
cümlədən…