Bir neçə gün öncə “E Media Group”un keçirdiyi “The Best of Azerbaijan” adlı mükafatlandırma gecəsində səhnəyə başında tacla çıxan model Aygün Babayevanın fotoları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Əksər sosial şəbəkə istifadəçiləri onun gözəl olmadığını yazaraq, A.Babayevanı məsxərəyə qoyublar.
ÇıxışYolu.Com-ın əməkdaşı məsələ ilə bağlı Aygün Babayeva ilə əlaqə saxlayıb.
O, fotonun yanlış anlaşılmaya səbəb olduğunu bildirib:
“Ağlıma da gəlməzdi ki, başımda tac, üzərimdə “The Best of Azerbaijan” yazılı lentlə səhnəyə çıxmağım bu cür reaksiyalara səbəb olacaq. Mən sadəcə mükafatları təqdim edirdim.
Üzərimdə olanlar bəzək üçün, gözəl görüntü üçün idi. Bu, mükafatlandırma gecəsi idi, orada model yarışması keçirilmirdi. Hər kəs səhv başa düşüb”.
Sosial şəbəkələrin müxtəlif səhifələrində fotosunu paylaşıb, onu lağa qoyanlara isə A.Babayevanın reaksiyası belə olub:
“Bizim millətə fürsət lazımdır ki, kimisə qaralasın. Səhər 5-ə kimi yatmamışam. Haqqımda yazılan çirkin və xoşagəlməz sözləri oxuyub, gülüb bir-bir üstündən keçmişəm. Mən bütün bu yaşananlara yalnız gülürəm.
“Miss Planet 2019″ yarışmasında iştirak edəcəyəm. Bu isə yarışmada mənim çıxışıma mənfi təsir göstərir. Bir sözlə haqqımda yazılıb-pozulanlar müsabiqədə mənim imicimi zərbə altında qoyur”.
Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə mövzusuna çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin şəffaf olmadığına dəfələrlə etirazlarını bildiriblər.
Rəşad Əliyev