Bu gün Azərbaycanda Novruz bayramıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını
qeyd edir.
Cixisyolu.com xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan
xalqının qeyd etdiyi üçüncü Novruz bayramıdır.
Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir
işğaldan azad olunan ərazilərdə də qeyd edilir. Ona görə də Azərbaycan xalqı
son iki ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06-ya təsadüf edəcək. Bu
zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub
yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal
yarımkürəsində Yaz fəsli başlayacaq.
Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.
İyunun 21-də saat 00:50-də baharı yay əvəz edəcək.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz
bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi
mədəni irs siyahısına daxil edilib.
Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması
ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi
bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən – su, od,
torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl
dörd çərşənbə qeyd olunur.
Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq, qulaq falına
çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonça bəzəmək,
yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları
oynamaq (məsələn, ənzəli) və s.
Novruz bayramına dair inanclar: “Qapıya atılan qurşağı boş qaytarmazlar,
“Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə
işarədir”, “Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağrım səndə, uğurun
məndə”, “Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz
payı apararlar”, “Bayram günü ailənin sayı qədər şam yandırarlar” və s.