Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Cixisyolu.com xatırladır ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın
gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü
çərşənbədir.
Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli
çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.
Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar
qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar.
Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas
göstəricisi hesab olunur.
Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və
özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var:
“Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə
verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan
yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”,
“Külək kimi hərdən bir yana əsmə”, “Küləkli havada dənizdə çimməzlər”,
“Kələknən gələn, küləknən gedər”… İnanclara görə, “Yeli əsdirəni söymək
olmazdı, çünki onun arxasında Tanrı dayanır”, “Yelə tüpürsən, öz üstünə
qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o – Yel havamızı təmizləyir,
yeniləyir, dəyişir”. “Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün
olunan dualar da tez qəbul olur”.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi
adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil
olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart
saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli,
Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün
17 saat 44 dəqiqə 35 saniyə olacaq.