9fde1e00-ce45-4a24-932c-7d72c96bcdb7..jpg

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Baxış sayı: 574 dəfə baxılıb.

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən
ölkələrin musiqisi günü kimi qeyd olunur.

Cixisyolu.com xatırladır ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və
ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının
rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan
muğamın bəşəri musiqiyə çevrildiyini təsdiqləyir.

Azərbaycan muğamının müasir tarixində Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezidentiMehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən
çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir
ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək
alaraq, sözün əsl mənasında intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə
dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri
sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın
deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi
qiymətləndirilməsidir.

Azərbaycanda “Muğam aləmi” beynəlxalq muğam festivallarının, müsabiqələrin,
muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun
buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir
texnologiyalara əsaslanan və səkkiz diskdən ibarət “Azərbaycan muğamı”
multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun bu sahəyə göstərdiyi
diqqətə bariz nümunələrdəndir.

Azərbaycan xalqının qədim irsi olan muğam geniş kütlələrin ümumi mənəvi
sərvətinə çevrilib. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz
xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti
məkanına daxil olub. 1971-ci ildə UNESCO 50 albomdan ibarət “Dünya ənənəvi
musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası”
seriyasında çıxan “Azərbaycan musiqisi” qrammofon valını da daxil edib. 1975-ci
ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən “Musiqi mənbələri”
seriyasında buraxılıb. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya
ekranlarını dolaşan “Stalker” filmində, hətta kosmosda səslənib. ABŞ Milli
Kosmik Agentliyi (NASA) tərəfindən Azərbaycanın muğam musiqi nümunəsi 1977-ci
ildə peyklə hətta kosmosa göndərilib.

Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya
musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb edə bilib. Qədim və
orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas
amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.

Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam həm də milli musiqi
mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və
Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı”
simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub.
Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif
Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında
muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə
qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.

Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda
Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan
böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha
təsdiqləyir. Hələ 1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi tədris
müəssisəsinin dərs proqramına muğamın tədrisi daxil edilib. Bu sənət
rəssamlarımız, heykəltaraşlarımız, şairlərimiz, rejissorlarımız üçün bu gün də
ilham mənbəyidir.

Bütün bunların nəticəsidir ki, 26 Avqust – Beynəlxalq Azərbaycan Muğamı Günü
və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunmaqdadır.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda bir-birindən maraqlı
beynəlxalq musiqi festivalları təşkil edilir. Hər belə hadisə, hər belə musiqi
festivalı böyük bir bayrama çevrilir. Dünya musiqiçilərinin diqqətini cəlb edən
ən maraqlı məqamlardan biri də Azərbaycanda keçirilən müxtəlif təyinatlı bütün
beynəlxalq əhəmiyyətli musiqi tədbirlərinin hər birində muğam elementlərinin
olmasıdır. Bir sözlə, bizim muğamımız bu gün bütün dünyanı fəth etmək,
dilindən, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəsin
qəlbini, ruhunu oxşamaq iqtidarındadır.

Source link