eb33a901-ae73-4da9-bb65-577122e13d93..jpg

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Baxış sayı: 916 dəfə baxılıb.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər
Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının
həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis
bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə –
Ali Sovetə müraciət ünvanlayıb.

Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti
nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan
olunması barədə qanun qəbul edib.

2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı
keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə,
müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının
artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir
hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu
Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli
Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf
etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il
dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul
edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini
daha da gücləndirib.

Ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş
gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən
həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları
ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr
verirdi.

Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik
məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini
uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II
qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına
uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı
xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində
yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
işində əhəmiyyətli rol oynayıb.

2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor
təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların
həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk
dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb.

Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya
Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci
il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya
Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması,
tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə
çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya
azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə
hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünya
azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində mühüm addımlar atılır.

İlham Əliyev 2022-ci il ərzində Azərbaycanın İranla gərginliyi fonunda xaricdə
yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi üçün mühüm tezislər irəli sürüb.

2022-ci ilin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə
Görüşündə çıxış edən İlham Əliyev deyib:

“Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və
azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı
taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi,
ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına
sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün
səylərimizi davam etdirəcəyik”.

Source link