Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Baxış sayı: 2. 696 dəfə baxılıb.

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda baş tutacaq matçda “Qəbələ” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. 

Nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə həlledici görüşə vəsiqə qazansalar da, hamısında uduzublar. Qəbələnin eyni adlı təmsilçisi 2013/2014 mövsümündə “Neftçi”yə (1:1, pen. 2:3), son iki ildə isə “Qarabağ” (0:2) və “Keşlə”yə (0:1) məğlub olub.

“Sumqayıt” isə tarixində ilk dəfə finala adlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Naxçıvanda zəfər çalarsa, avrokubokda da “siftə” etmiş olacaq. Bu komandaların Premyer Liqanın cari mövsümünə təsadüf edən 4 oyununda tərəflər hərəyə bir dəfə 1:0 hesabı ilə qalib gəlib. Digər iki matçda isə heç-heçə qeydə alınıb – 1:1, 2:2.

“Qəbələ” və “Sumqayıt” kubokda ilk dəfə qarşılaşacaqlar. Premyer Liqada isə geridə qalan 28 oyundan yalnız 3-də “gənclik şəhəri” təmsilçisi qalib gəlib. 17 görüşdə “Qəbələ” üstün olduğu halda, 8 dueldə bərabərlik olub. “Qırmızı-qaralar” top fərqində də öndədirlər – 47:21.

“Sumqayıt” finala qədər “Neftçi” (2:0, 0:1) və “Zirə” (0:0, 3:3) mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə “Sabah”la (1:0, 1:0) “Qarabağ”dan (1:0, 1:2) güclü olub.

Qeyd edək ki, 2018/2019 mövsümündə Premyer Liqanın qalibi “Qarabağ” olub. Ağdam təmsilçisi ölkəni çempionlar Liqasında, gümüş mükafatçı “Neftçi” ilə 3-cü yeri tutan “Səbail” isə Avropa Liqasında təmsil edəcək. Azərbaycan Kubokunun qalibi də son iki komandaya qoşulacaq.

Azərbaycan Kuboku

Final

19 may

17:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Naxçıvan Muxtar Respublikası stadionu