Bu gün görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
Bu gün dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,
professor, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Aida İmanquliyevanın doğum
günüdür.
Cixisyolu.com xatırladır ki, Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da
Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq,
Əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş,
“Bakı” və “Baku” qəzetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.
Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhərindəki 132 nömrəli orta məktəbi qızıl
medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul
olunub. 1962-ci ildə universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin
Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin
keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb.
1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva
Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. O,
istedadı, zəhmətsevərliyi sayəsində kiçik elmi işçidən şöbə müdiri, elmi işlər
üzrə direktor müavini və nəhayət, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru vəzifəsinədək yüksəlib.
1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası
müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Üç fundamental monoqrafiyanın (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran
Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin
müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir
çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda
fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası
üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ
məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.
Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas
kadrlar hazırlanmasına da böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb
filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası
müdafiə edilmişdi.
Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının
tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva
uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət
Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Eləcə də,
Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və
digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq
konfranslarda məruzələrlə çıxış edib.
O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1987-ci ildə filologiya
elmləri doktoru olub.
Aida İmanquliyeva Arif Paşayevlə ailə həyatı qurub. Azərbaycanın Birinci
vitse-prezidentiMehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın anasıdır.
Görkəmli professor 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.