1cedf5f8-0e54-4f5a-9035-5fbb71e73bc8..jpg

Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür

Baxış sayı: 959 dəfə baxılıb.

Bu gün görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür

Azərbaycanın görkəmli bəstəkarı, akademiki Qara Qarayevin doğum günüdür.

Sənətkar 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət
professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan
olub.

Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. 1925-ci ildə konservatoriya
yanında musiqi məktəbində oxuduğu zaman pianoçu və pedaqoq Vladimir Mixayloviç
Kozlov ilə tanış olub. Qara Qarayev V.M.Kozlovun Azərbaycandan çox-çox
uzaqlarda tanınmasını yüksək qiymətləndirib. Qarayevin yaradıcılığında
V.M.Kozlovun adı ilə bağlı əsərlərdən onun dünyadan köçdüyü 1960-cı ildə
yazılmış və xatirəsinə həsr olunmuş skripka ilə fortepiano üçün sonatanı
göstərmək olar.

1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi
məktəbinə qəbul edilib. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının
nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə
daxil olub. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub. Üzeyir Hacıbəyov Qara
Qarayevin müəllimi olub.

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə
Moskva Dövlət Konservatoriyasının tələbəsi olub. 1941-ci il Təhsil müddətində
professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs
alıb. Hacıbəyov ilk andan Qara Qarayevin gələcək istedadını aşkarlaya bilib.

Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk skripka, violonçel və
fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə
həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb.

1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün
Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını bəstələyib.

1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bəddi
rəhbəri vəzifəsində çalışıb. 1943-cü ildə ilk simfoniyanı yazıb. 1944-cü ildə
Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olub.

1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində
müəllim işləyib. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi
seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub.
1949-cu ildə Üzeyir Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin
rəhbəri təyin olunub. Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində
çalışıb. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilib, 1953-cü
ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri təyin olunub. Həmin
ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konferensiyasının
nümayəndəsi seçilib və Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi
gözəl” baletinin ilk tamaşası qoyulub. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ
Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildən 1976-cı ilə qədər
IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub.

1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci
katibi olaraq fəaliyyət göstərib, 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I
qurultayına nümayəndə, 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü
seçilib. Həmin ildə “Don Kixot” filminə musiqi bəstələyib. 1958-ci ildə V
çağırış SSRİ Ali Sovetlərinin deputatı olub. 1959-cu ildə Azərbaycan SSR Elmlər
Akademiyasının həqiqi üzvü seçilib. Həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru olub. Moskvada
Azərbaycan incəsənət dekadasının iştirakçısı olub. Çexoslovakiyada “Yeddi
gözəl” baletinin premyerasında iştirak edib.

1962-ci ildə SSRİ Ali Sovetinə deputat seçilib. 1963-cü ildə “Yeddi gözəl”
baleti Birləşmiş Ərəb Əmirliklərində və CAR-da səhnəyə qoyulub. 1965-ci ildə
Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirib. Aprelin 21-də Moskvada,
iyunun 2-də Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutub.

1971-ci ildə Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun konsertində
III Simfoniya böyük uğur qazanıb. 1976-cı ildə III Simfoniya Praqa şəhərində
uğurla səsləndirilib. 1978-ci ildə ümumdünya müəllif hüquqları agentliyi
konqresinin iştirakçısı kimi Parisdə səfərdə olub, Moskva operetta teatrında
“Çılğın qaskoniyalı” müziklinin ilk tamaşası qoyulub.

Qara Qarayevin yaradıcılığında vətən mövzusu bir sıra əsərlərin özəyini təşkil
edib. İkinci simfoniya, Cövdət Hacıyevlə yazdığı “Vətən” operası, “Ürək
mahnısı” kantatası, “Bizim partiya” , “Səadət mahnısı”, “Azərbaycan” süitası
belə əsərlərdəndir.

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurmuş və bu cütlükdən Fərəc
adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib. O, öz həyat yoldaşını çox sevib,
başa düşüb və etibar edib. Həyat yoldaşına həsr olunmuş yeganə musiqi əsəri –
prelyüdiya lya majoru Qarayev yuxuda eşidib, səhər isə qələmə alaraq Tatyanaya
təqdim edib. 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri
Xiyabanda dəfn olunub.

1982-ci ildə Azərbaycan Dövlət Kamera orkestrinə bəstəkarın adı verilib,
1984-cü ildə Bəstəkar Qara Qarayevin gəmisi dənizə buraxılıb, 1989-cu ildə 8
illik orta musiqi məktəbinə Qara Qarayevin adı verilir. 1991-ci ildə Bakı
şəhərinin “Avrora” metro stansiyasının adı dəyişdirilərək bəstəkarın xatirəsinə
Qara Qarayev metro stansiyası adlandırılıb. Həmin ildə Bakı şəhərinin
küçələrindən birinə Qara Qarayevin adı verilib. 1998-ci ildə “Qara Qarayev”
poçt markası buraxılıb. 2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir
Musiqi Festivalı keçirilib.

TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib. 2018-ci il oktyabrın 1-də
Bakının Nizami küçəsində yerləşən ev muzeyinin açılış mərasimi olub.

Source link