Bu gün Lütfəli Abdullayevin anım günüdür – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 22-si Azərbaycan SSRİ Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevin anım günüdür.
Cixisyolu.com xatırladır ki, L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz
açıb.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və
epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda
oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul
edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir
müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən
arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın
aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.
O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı
auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın
xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən
məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.
Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”),
Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”),
Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran
xanının vəziri”), Qulaməli (“Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş
Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet
(“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər
əsərlər daxildir.
L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi
“Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal
alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün
kiminsə dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli,
Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə
Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov),
“Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.
Sevimli aktyor L.Abdullayevin sənəti yüksək qiymətləndirilib, ən yüksək fəxri
adlara layiq görülüb, orden və medallarla təltif olunub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildə Azərbaycan teatr
və kino sənətinin görkəmli nümayəndəsi Lütfəli Abdullayevin anadan olmasının
100 illiyi silsilə tədbirlərlə qeyd edilib.
L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib və İkinci Fəxri
xiyabanda dəfn edilib.