0f9bf216-9b54-44c0-87d2-dbc130b3a28d..jpg

Bu gün milli teatrımızın 150 illik yubileyidir

Baxış sayı: 1. 149 dəfə baxılıb.

Bu gün milli teatrımızın 150 illik yubileyidir

Bu gün Azərbaycanda Milli Teatr Günü kimi qeyd olunur.

Cixisyolu.com xəbər verir ki, XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın
yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. 1873-cü il martın
10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən
M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub.

Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynayıblar. Bu tamaşa ilə
Azərbaycanda milli teatrın əsası qoyulub. Azərbaycanda teatr sənəti qədim
ənənələrə malikdir. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr
tamaşaları (“Maral oyunu”, “Kilimarası”), bayram tamaşaları (“Kos-Kosa”), dini
səciyyəli tamaşalar (“Şəbih”) və s. geniş yayılıb. Hələ XVII əsrin ikinci
yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin
İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa
göstəriblər.

Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlayıb ki, onu “Şərqin operası”
adlandırıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin
böyük xidməti olub.

O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Tezliklə Azərbaycan
səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn
Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza
Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə
xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə simaları yetişib.
Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi
olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də
canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində
Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verib.
Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı
yeni əsərlər gəlib. Cümhuriyyət hökumətinin bu sahədə məqsədyönlü addımlarından
biri də Azərbaycan Dövlət Teatrının təşkili olub.

Bu, Azərbaycan peşəkar teatrının dövlət teatrı statusu alması demək idi. Bu
teatrın pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də N. Nərimanovun “Nadir şah”
faciəsinin tamaşası ilə açılıb. Sovet hakimiyyəti illərində Azərbaycanda teatr
sənəti daha da inkişaf edib. Sovet ideologiyasını və rejimini tərənnüm edən
əsərlərlə yanaşı, xalqın həyatı, güzəranı, tarixi keçmişi ilə bağlı əsərlər də
repertuarlarda geniş yer alıb. Məhz martın 10-u – Azərbaycan milli teatrının
əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.

Bu gün Milli Teatr Günü münasibəti ilə telemarafon keçiriləcək. Bu barədə
Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr
həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr
Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon
isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.

Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq,
tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların
fikir və düşüncələri təqdim ediləcək. Bir sözlə, bu gün Azərbaycanın televiziya
məkanında əsl teatr rüzgarı əsəcək.

Source link