c5cefd27-b785-4fd2-9ab3-dc028a9d41b4..jpg

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Baxış sayı: 812 dəfə baxılıb.

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz
xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal
Paşayevin anadan olmasından 116 il keçir.

Cixisyolu.com xatırladır ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da
Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında
atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də
ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən
sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin
güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin
səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin
zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”,
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı
fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz
layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir
gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq
haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə
mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap
olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr
yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat
qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”,
“Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”,
“Heyrət” hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə
“Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci
ildə “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı
kimi “diqqətli bir realist yazıçı olduğunu göstərib.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında “Bir gəncin
manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır” keçmişdən, “Açıq kitab”,
“Yaşıdlarım” və “Yeni şəhər” isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə
filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər”
əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir
çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin
oxucularında sonsuz maraq doğurub.

Source link