Bu gün peşəkar gitara ifaçısı Rəmişin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş)
doğum günüdür.
Cixisyolu.com xatırladır ki, gitara ifaçısı 1944-cü ildə noyabrın 14-də Ağdam
rayonunun Gülablı kəndində anadan olub.
İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar
sinfində alıb. 1962-ci ildə Ağdam şəhərinin Ü.Hacıbəyli adına Musiqi
Texnikumunu bitirib.
İstedadlı musiqiçi 1966-cı ildə Dövlət Televiziya və Radiosunun Ə.Bakıxanov
adına Xalq Çalğı Alətləri Ansamblında tarzən kimi fəaliyyətə başlayıb. O, eyni
zamanda, “Dan ulduzu” instrumental ansamblında gitara ifaçısı kimi çalışaraq,
milli musiqimizə yeniliklər bəxş edib. R.Hüseynov SSRİ Xalq artisti Zeynəb
Xanlarovanın ansamblında ilk gitara ifaçılarından biri olub.
Sənətkar 50 ilə yaxın bir müddətdə həm Azərbaycanda, həm də xarici ölkələrdə
milli musiqi mədəniyyətimizi və instrumental ifaçılıq sənətimizi yüksək
səviyyədə təbliğ edib.
O, həmçinin, Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhə bölgələrində
hərbçilərimiz qarşısında konsert proqramları ilə çıxış edib.
Azərbaycan ifaçılıq sənəti sahəsindəki xidmətlərinə görə Rafiq Hüseynov
2008-ci ildə Respublikanın “Əməkdar artisti”, 2014-cü ildə isə “Xalq artisti”
fəxri adlarına layiq görülüb.
Rəmiş Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi
ifaçıları müşayiət edib.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı
alətlərində peşəkar şəkildə ifa edə bilirdi.
Üç dəfə ailə həyatı qurub. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5
aprel 2021-ci ildə qaraciyər sirrozundan müalicə aldığı xəstəxanada dünyasını
dəyişib. Sənətkar “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.