6dd4feed-e03b-4091-9b23-b7d2eebf1c52..jpg

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür – VİDEO

Baxış sayı: 593 dəfə baxılıb.

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas Ələkbər Tağıyevin anadan
olmasından 100 il ötür.

Cixisyolu.com xatırladır ki, 28 aprel 1924-cü ildə Gəncədə kasıb əkinçi ailəsində
anadan olan Ələkbər Tağıyev ilk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər
xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb.

O, prokurorluq orqanlarında 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir
müddətdə çalışmışdı. Prokurorluq orqanlarında işlədiyi müddət ərzində SSRİ və
Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunmuşdu.

1950-ci ildə ailə həyatı qurub və Gəncədə yaşayıb.

Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliq Tağıyevin anadan
olmasından sonra başlayıb. İlk mahnısı olan “Qonşu qız” mahnısını da Gəncədə
yaşadığı illərdə yazıb. Həmin vaxtlar Ələkbər Tağıyev yazdığı mahnıları ilk
olaraq, musiqiçi, eyni zamanda yaxın dostu Akif Bakıxanova göstərir və onunla
məsləhətləşirdi.

“Qonşu qız” mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə
“Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”,
“Azərbaycanım mənim” kimi mahnılar bəstələyib.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə
yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə
əməkdaşlıq edib.

70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan “Ay ellər”,
“Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm” , “Qəşəngdir” və
yaradıcılığında xüsusi yer tutan “Azərbaycan qızıyam” mahnılarını ifa edir. Bu
mahnılar onu tez bir zamanda məşhurlaşdırır.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı
adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü
ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü
seçilir.

Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla
(“Arzu qızım”, “Leyla” və s.) mahnılar yazıb.

Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var”
kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil
olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə
də istifadə olunub.

Ələkbər Tağıyev 16 aprel 1981-ci ildə dünyasını dəyişib.


Source link