Bu gün Torpaq çərşənbəsidir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu, yəni İlaxır çərşənbəsi qeyd
olunur.
Sonuncu çərşənbəyə həm də Torpaq çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu
çərşənbə olduğu üçün İlaxır çərşənbə kimi də tanınır.
Torpaq çərşənbəsinin sonuncu qeyd olunmasının səbəbi belə yozulur ki, birinci
su, sonra od oyanaraq təbiəti isidir. Daha sonra külək əsir, hava təzələnir və
yenilənir.
Beləliklə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib
çıxarırlar. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır – ağaclar çiçək
açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
Azərbaycanın bəzi bölgələrində sonuncu çərşənbə Novruz bayramından daha geniş
qeyd olunur. Qızlar qapı pusmağa, qulaq fallarına çıxırlar. Uşaqlar qapı-qapı
düşüb “papaqatma” mərasimini icra edirlər. Papaq atılandan sonra gizlənirlər.
Bunun da xüsusi mənası var. Bu, dünyadan köçən ev əhlinə verilən payın
nişanəsi kimi başa düşülür. Çərşənbələrdə yumurtaların rəngbərəng boyanması
fəsillərə işarədir. Ağ rəng qışın, sarı rəng payızın, qırmızı rəng yayın, yaşıl
rəng isə yazın rəmzidir.