Bu gün unudulmaz sənətkar, Xalq artisti Rübabə Muradovanın doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın unudulmaz xanəndəsi, Xalq artisti Rübabə Muradovanın doğum
günüdür. Onun doğumundan 91 il keçir.
Cixisyolu.com xatırladır ki, Rübabə Xəlil qızı Muradova 22 mart 1933-cü ildə İranın
Ərdəbil şəhərində anadan olub. O çox qısa müddətlik də olsa, Sabirabad Dövlət
Dram Teatrında çalışıb. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya
Filarmoniyaya dəvət edib.
1951-1955-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində (Seyid
Şuşinskinin sinifində) təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi
Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq
olub. O, 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1955-ci ildə isə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin
sinifində təhsil alıb. 1971-ci ildə Azərbaycan SSRİ Xalq artisti adına layiq
görülüb. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna
malik müğənni karyerasında böyük uğurlar qazanıb.
Azərbaycan musiqi tarixində böyük xidmətləri olan R.Muradova uzun illər Opera
və Balet Teatrının solisti kimi “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah
İsmayıl”, “Aşıq Qərib” operalarında baş rolları ifa edib. Onun ifasında olan
Leyli (“Leyli və Məcnun” – Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm” – Üzeyir
Hacıbəyov), Xanəndə qız (“Koroğlu” – Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah
İsmayıl” – Müslüm Maqomayev), Şahsənəm (“Aşıq Qərib” – Zülfü Hacıbəyli), Sənəm
(“Gəlin qayası” – Ş. Axundova) obrazları tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanıb. 9 iyun 1959-cu ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Bəstəkarlar istəyirdilər ki, onların mahnısını Rübabə Muradova oxusun. O isə
hər mahnını bəyənməzdi, ürəyinə yatanı seçib oxuyardı. İndi o mahnıların hamısı
“Qızıl Fond”da və Dövlət Səs Yazıları Arxivində saxlanılır. Amma xanəndənin
qeyri-adi, qəlblərə işləyən səsi Azərbaycan musiqisi yaşadıqca təkcə lent
yazılarının deyil, xalqın yaddaşında yaşayır.
1961-ci ildə Rübabə Muradova Opera və Balet Teatrında “Leyli və Məcnun”
operasını oynayıb. Rübabə Muradovanın tərəf müqabili Qulu Əsgərov olub.
Xalq artisti, mahir tar ifaçısı Ağasəlim Abdullayev, Xalq artisti Vamiq
Məmmədəliyev, Əməkdar artist Mirnazim Əsədullayev və digərləri öz
müsahibələrində Rübabə Muradova barədə çox dərin, ürəklərə toxunan fikirlər
səsləndiriblər. Sənət yoldaşları deyirlər ki, o musiqi ilə qidalanardı. Rübabə
xanımla qastrollarda, konsertlərdə olan sənətkarlar deyirlər ki, Xalq artisti
tez-tez həbsxanalarda konsertlər verirdi. Ondan soruşanda isə “dustaqlar üçün
oxumaq savabdır” deyirdi.
Bütün Azərbaycanın sevimlisi olan Rübabə Muradova sənətdə qazandığı uğurları
şəxsi həyatında qazana bilməyib. Təəssüf ki, onun şəxsi həyatı uğurlu olmur.
Eləcə də anasının vəfatı onun həyatında dönülməz yollar açır. Anasını
itirdikdən sonra siqaret çəkməyə və içki içməyə başlayır. İçki alüdəçiliyi Xalq
artistini sirroz xəstəliyinə düçar edir.
Vəziyyəti ağırlaşan Xalq artisti Bakıda 5 saylı xəstəxanaya yerləşdirilib.
Beləliklə də, həkimlərin bütün səylərinə baxmayaraq, 28 avqust 1983-cü ildə
vəfat edib. Xalq artistinin cənazəsi Yasamal qəbiristanlığında torpağa
tapşırılıb.
Cixisyolu.com görkəmli Xalq artistinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad
edir.