Bu gün Xalq artisti Arif Quliyevin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti
Arif Quliyevin doğum günüdür.
Cixisyolu.com xatırladır ki, Arif Quliyev 16 may 1950-ci ildə Şirvan (Əli-Bayramlı)
şəhərində doğulub.
1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun “Dram və kino aktyorluğu”
fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram
Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət
İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub.
1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət
İnstitutunu bitirib.
Aktyor müxtəlif səpgili və xarakterli obrazlar yaradıb.
Teatr səhnəsində ifa etdiyi “Şərbətəli” (“Təzə gəlin”), “Salyanski” (“Gözün
aydın”), “Əli” (“Qayınana”), Dursun” (“Durna”), “Mürsəl” (“Gurultulu
məhəbbət”), “İbişov” (“Özümüz bilərik”), “Dursunov” (“Hicran”), “Tofiq” (“Ev
bizim, sirr bizim”), “Hambal” (“Məşədi İbad”), “Mirzəqulu” (“Durnalar
qayıdanda”), “Səbzəli” (“Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar komediya
janrında yaratdığı uğurlu rollardan bir qismidir.
Arif Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur.
Onun “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarımştat”, “Evləri
köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini
qazanıb.
Xalq artisti İrəvan Dövlət Azərbaycan Dram Teatrında da işləyib. 1988-ci ildən
Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər
mükafatına, 1989-cu ildə “Əməkdar artist” fəxri adına, 1993-cü ildə isə “Humay”
mükafatına layiq görülüb.
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub.
Elə həmin il “Xalq artisti” fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı
qazandığı uğurlara görə “Qızıl Dərviş”, 2012-ci ildə “Zirvə” mükafatına,
2014-cü ildə “Sənətkar” medalına layiq görülüb.
Xalq artisti 7 may 2021-ci il tarixində COVID-19 səbəbindən vəfat edib. O,
“Qurd qapısı” qəbiristanlığında dəfn edilib.