7e7dffa4-0aee-4af7-829d-19f17bd7fc90..jpg

Bu gün Xalq artisti Əminə Dilbazinin doğum günüdür – VİDEO

Baxış sayı: 649 dəfə baxılıb.

Bu gün Xalq artisti Əminə Dilbazinin doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti, rəqqasə Əminə Dilbazinin anadan olmasından 104 il ötür.

Cixisyolu.com xatırladır ki, Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub.

Məşhur bəstəkar, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı,
şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır.

İlk təhsilini Bakıda 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə
fəaliyyətinə 1935-ci ildə başlayan rəqqasə ilk əvvəl estradada milli rəqslərin
ifaçısı kimi çıxış edib. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq Üzeyir
Hacıbəyovun bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. 1939-cu ildən xalq
rəqslərini səhnəyə qoyub. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq
çalışıb və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik edib.

Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı “Çinar”
tələbə rəqs kollektivinə, 1962-65-ci illərdə Azərbaycan mahnı və rəqs
ansamblına, 1967-68-ci illərdə isə “Sevinc” rəqs ansamblına rəhbərlik edib.
1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib.

Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət
Filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir
bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub.

Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri
xüsusilə məşhurdur. Repertuarına rus rəqsləri, Ukrayna rəqsləri, özbək
rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun”
operasında, “Arşın Mal Alan” və “O olmasın, bu olsun” komediyaları və s.
əsərlərdə də rəqslərə quruluş verib. Azərbaycan musiqili komediya teatrında,
habelə erməni, osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. “Arşın mal
alan”, “Ulduz”, “Yallı”, “Sevinc” filmkonsertində lentə çəkilib.

1954-cü il 25 sentyabr tarixində “Azərbaycan SSR Əməkdar artisti”, 1959-cu il
10 iyun tarixində “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb.
“İstiqlal”, “Xalqlar dostluğu”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb.
1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı Ümumdünya Festivalının qızıl
medalı ilə təltif olunub. 2002-ci il 11 iyun tarixində Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Əminə Dilbazi 2010-cu il aprelin 30-da Bakı şəhərində vəfat edib.


Source link