Bu gün Xalq artisti Hüseynqulu Sarabskinin doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti
Hüseynqulu Sarabskinin (Rzayev) anadan olduğu gündür. Bu il onun anadan
olmasından 145 il ötür.
Cixisyolu.com xatırladır ki, XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq
şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar səhnəmizin əfsanəvi
Məcnunu Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda kasıb bir ailədə
anadan olub.
Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə
seçilib. Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu,
həvəskarların ifasında “Xan Sarabi” adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli
Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası idi. Əsl soyadı
Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu
güclü təəssüratın nəticəsidir. Elə həmin gündən teatr və musiqi onun arzu və
xəyallarında qoşalaşıb.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlib. Teatrı “şeytan əməli”,
aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də
hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedib.
Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən,
dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidib. O,
oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba,
dəftərə verib.
Hüseynqulu ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçib, onlara
bənzəmək istəyib. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə
an içində dəqiqləşdirib. O, səhnəyə ilk baxışdan və birdəfəlik vurulub. Səhnə
onun əbədi məhəbbətinə çevrilib. Bu məhəbbət qarşılıqlı oldu.
Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində,
püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun,
Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn
Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.
İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu
oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun,
Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır.
O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin,
Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin
“Əlmənsur” pyesində ərəb səyyahının rolunu oynayarkən oxuduğu təsiredici
“Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili
teatra, operaya gətirib. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və
Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir Hacıbəylinin
diqqətini cəlb edib. Bu, zirvəyə gedən yolun başlanğıcı olub. Üzeyir Hacıbəyli
məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti
kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edib.
1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası
tamaşaya qoyulur. “Məcnun”u oynayan Sarabski birinci və ikinci pərdələri
həyəcan və qorxu içində var qüvvəsi ilə yaxşı oynamağa çalışır. Zaldan
“Afərin!” sədalarını eşidən aktyor üçüncü pərdədə özünü tamamilə unudub
“Məcnun” olur. Tamaşa bitir, pərdə enir, Hüseynqulu isə yoldaşlarının onun
qucaqlayıb öpmələrinə və tamaşaçı alqışlarına yalnız göz yaşları ilə cavab verə
bilir.
Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif
regionlarda, hətta Tiflisdə “Leyli və Məcnun” oynanılır. Artıq dostlar,
ziyalılar arasında onu zarafatla “Məcnun” çağırırdılar, etiraz etmirdi və hətta
xoşuna gəlirdi. Məcnun onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.
Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük
nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə
Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera
sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı
kimi müstəsna xidmətləri vardır.
Sənətini musiqi incisi olan “Leyli və Məcnun” zirvəsindən başlayan Hüseynqulu
Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək
yaşayıb.
Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrəti
gətirib. Bu rol, bəlkə də, aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi
baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi olub. Aktyorun
özünün yazdığı kimi, “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar
indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”.
Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini
yaşadı, yaratdı, bu rolu tamaşaçıya sevdirdi. Azərbaycan səhnəsinin əfsanəvi,
təkrarolunmaz Məcnunu kimi tanınıb.
Dünya opera sənətinin nadir bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr
ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz
təsəvvür etmək mümkün deyildir. O, milli opera tarixində Üzeyir Hacıbəylinin
“Əsli və Kərəm”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Rüstəm və Söhrab”,
“O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” kimi opera və
operettalarında, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq
Qərib” operalarındakı rolları ilə mədəniyyətimizə iz qoyub. Hər bir obraz üçün
Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapıb. Məcnunu ifa edərkən
tamaşaçılarını göz yaşlarına qərq edib. Şah İsmayılı oynayanda məğrurluğu,
əzəməti ilə tamaşaçıları riqqətə gətirib, Kərəm obrazını yaradanda
yandırıb-yaxırdı.
O, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov ilə birlikdə
çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri olub.
1918-ci ildə Bakıda vəziyyət ağırlaşır, aktyorlar hərəsi bir tərəfə dağılır.
H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən
salır və o, Bakıya qayıdır.
1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayıb.
1923-cü ildə onun yubileyi qeyd olunub. Görkəmli sənətkar Orta Asiya
ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edib. 1932-ci ildə ona
“Xalq artist” fəxri adı verilib.
Teatr xadimi, opera müğənnisi, aktyor, rejissor, pedaqoq olan Hüseynqulu
Sarabski 1945-ci il fevralın 2-də dünyasını dəyişib.
Prezident İlham Əliyev “Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi
haqqında”sərəncam
Cixisyolu.com xalq artisti, görkəmli opera müğənnisi, aktyorun əziz xatirəsini dərin
hörmət və ehtiramla yad edir.