Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Xalq artisti Şəfiqə Məmmədovanın doğum günüdür.
Cixisyolu.com xatırladır ki, Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd
şəhərində doğulub.
O, 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya
aktyorluğu fakültəsini bitirib.
Anarın “Şəhərin yay günləri” pyesinin tamaşasındakı Dilarə roluna görə
Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi “İstintaq”
filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981)
layiq görülüb.
Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa
Uilyam Şekspirin “Hamlet” (“Gertruda”), Aleksandr Şirvanzadənin “Nakam qız”
(“Sona”), Lev Tolstoyun “Canlı meyit” (“Maşa”), Çingiz Aytmatovun “Ana torpağı”
(“Cenşengülün arvadı”), Hüseyn Cavidin “Xəyyam” (“Sevda”), Cəlil
Məmmədquluzadənin “Dəli yığıncağı” (“Pırpız Sona”), Fridix Şillerin “Məkr və
məhəbbət” (“Ledi Milford”), Yucin Onilin “Qızıl” (“Süzen”) faciələrində, İlyas
Əfəndiyevin “Bağlardan gələn səs” (“Gülcan”), “Mənim günahım” (“Nurcahan”),
“Məhv olmuş gündəliklər” (“Anjel”), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra”
(“Nihal”), İmran Qasımovun “Nağıl başlananda” (“Tahirə”) lirik-psixoloji
dramlarında, Mirzə İbrahimovun “Bəşərin komediyası və ya Don Junan”
(“Teadora”), Maksim Qorkinin “Meşşanlar” (“Yelena Nikolayevna”), Səməd Vurğunun
“İnsan (“Nataşa”), Raço Stoyanovun “Qısqanc ürəklər” (“Milkana”), Cəfər
Cabbarlının “Aydın” (“Gültəkin”), Nikolay Poqodinin “Zamanın hökmü” (“İrina”),
Əkrəm Əylislinin “Yastı təpə” (“Bəyaz”) pyeslərində cazibədar səhnə obrazları
yaradıb.
Şəfiqə Məmmədova “Qaraca Qız” (“Qız”), “Dədə Qorqud” (“Burla xatun”),
İstintaq” (“Gülya”), “Bizim Cəbiş müəllim” (“Cəbişin arvadı”), “Ad günü”
(“Fəridə”), “Carvadarların izi ilə” (“Səriyyə”) bədii filmlərinə çəkilib.
Yaradıcılığının parlaq dövründə 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı
teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
pedaqoji fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası birinci çağırış Milli Məclisinun deputatı olub
(1995-2000).
2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafiyaçılar
İttifaqının ilk sədri seçilib. 2022-ci il dekabr ayında o, yekdilliklə yenidən
İdarə Heyətinin sədri seçilib.
İki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il
iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki
təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.
2024-cü il 5 martında Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş
konfransı keçirildi. Xalq artisti Şəfiqə Məmmədova yeni yaradılan kino
ittifaqının sədrliyinə namizədliyini geri götürüb. Azərbaycanda yeni yaradılan
Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik etmək üçün Xalq artisti Rasim
Balayevin namizədliyi irəli sürülüb və səs çoxluğu ilə təsdiqlənib.
1974-cü il 1 iyununda “Azərbaycanın Əməkdar artisti”, 1982-ci il 1 dekabrında
“Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb. 2013-cü il 25
iyununda “Şərəf”, 2020-ci il 29 martında I dərəcəli “Əmək” ordenləri ilə təltif
olunub. 1979-cu il fevralın 24-də Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı,
2002-ci il 11 iyununda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü,
2018-ci il 22 mayında Cəfər Cabbarlı mükafatına layiq görülüb.