7000c235-d8a0-4843-b776-fed287ee77a3..jpg

Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 95 il ötür

Baxış sayı: 766 dəfə baxılıb.

Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasından 95 il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya
təsviri sənətinin inciləri sırasındadır. Çoxşaxəli yaradıcılığa malik rəssamın
əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Onun hər bir portreti, mənzərəsi,
peyzajı önündə xeyli düşünməli olursan. Tahir Salahov mahir rəssam olmaqla
yanaşı, həm də görkəmli ictimai xadimdir.

Bu gün yaradıcılığı və ictimai fəaliyyəti ilə xalqına, incəsənətimizə dəyərli
töhfələr verən böyük sənətkar, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Avropa Elm
və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı Tahir
Salahovun anadan olmasından 95 il ötür.

Bir əsrə yaxın yaradıcılıq yolu keçmiş böyük sənətkar Tahir Salahov 1928-ci il
noyabrın 29-da Bakı şəhərində dünyaya göz açıb. Atası 1937-ci il
repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib.
Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam,
həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.

T.Salahov 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci
ildə isə Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri
dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu
sayda portretin, peyzaj və natürmortun, böyük fiqurlu əsərin müəllifi olan bu
dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda,
dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına
çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.

T.Salahov dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında
insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və
dostlarını böyük məhəbbətlə təsvir edir. “Aydan”, “Alagöz şərq nağılı”, anası
Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri,
“Danın portreti”, “Rəşid Behbudovun portreti” – sadalanan bu əsərlər
mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

“Növbədən qayıdanlar” və ya rəssama şöhrət gətirən tablo

Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr
etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, “Mən bir neçə
ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən
obrazlarımı da elə orada tapmışam”. T.Salahovun neftçilərə həsr etdiyi ən
möhtəşəm əsərlərindən biri diplom işi olan “Növbədən qayıdanlar” tablosudur.
Sənətkarın bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk
nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.

T.Salahov Surikov adına Rəssamlıq İnstitutunda oxuyarkən Moskvada hind
filmlərinə maraq artıb. Bəlkə də Hindistana qarşı yaranan ümumi maraq diplom
praktikası üçün institut tələbələrinin bu ecazkar ölkəyə ezam edilməsinə səbəb
olub. T.Salahov da digər tələbə yoldaşları kimi Hindistana getmək istəyib.
Lakin ən son anda atasının “xalq düşməni” olması onun səfərinə mane olub. Bu
zaman T.Salahov diplom işinin mövzusu üçün doğma Bakıya, Neft Daşlarına gəlib.
Beləliklə, rəssam iki ay müddətində Neft Daşlarında neftçilərlə birgə yaşayıb.
Onlarla birgə yeyib-içib, Abşeronun rəngsiz boz torpağında gəzib, narahat
Xəzərə tamaşa edib və artıq təsvir edəcəyi tablonu gözü önündə canlandırıb.
Rəssam gördüklərini – Xəzərin duzlu, köpüklü ləpələrini, üzərində uçan ağ
qağayıları, ləpələri coşduran güclü küləyini və ən əsası enerjili cavan insan
təəssüratını öz tablosunda əks etdirməyə can atıb. İki aydan sonra əsərini
yaratmaq üçün Moskvaya qayıdıb. O zamanlar diplom işini çəkmək üçün institutda
boş emalatxana olmadığından tələbələr özlərinə ayrı məkan tapırdılar. Salahov
da belə məktəblərdən birində emalatxana tapıb. Lakin məktəbdə yaradıcılıq üçün
şərait yox dərəcəsində olub. Müdafiəyə bir ay qalmış institutda
emalatxanalardan biri boşalıb. T.Salahov həmin emalatxanaya köçüb və burada
diplom müdafiəsinə bir həftə qalmış tablosunu yaratmağa başlayıb. Bu zamana
qədər isə Salahovun kətanı boş qalıb. İmtahan komissiyası onun işinə baxanda
tablonu boş görüb və onun işindən narazı qalır. Lakin 2-ci dəfə komissiya
üzvləri emalatxanaya gələndə gözlərinə inana bilməyiblər. Onların qarşısında
möhtəşəm tablo canlanıb.

Salahovun diplom işi gözləniləndən daha çox uğur qazanıb və keçmiş sosialist
ölkələrində keçirilən sərgilərdə göz önündə olan əsərə çevrilib.

Ötən əsrin 50-60-cı illərində rəssamlıqda yeni incəsənət uğrunda gərgin
mübarizə başlayıb. Tənqidçilər gənc rəssamları sxematiklikdə, əsərlərin həddən
artıq qrafik olmasında ittiham ediblər. Hansı ki, bu tendensiya akademik
ənənələrə zidd olub. Salahovdan da həmin ittihamlar yan keçməyib. Rəssamın
“Rezervuar parkı” və “Neftçi” əsərləri Moskvadakı bəzi partiya üzvlərinin
xoşuna gəlməyib. Onlar hesab ediblər ki, əsərlər həddən artıq pessimist ruhlu,
qaranlıq və qarışıqdır. O zaman Salahovu yalnız SSRİ Rəssamlar İttifaqının
sədri Sergey Gerasimov müdafiə edib. “Sizi nə üçün tənqid edirlər? Mən burada
tənqidə layiq heç nə görmürəm”. Bu sözlər gənc rəssam üçün böyük dəstək olub.

T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını
bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri
nümayiş olunur. Onlardan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə
natürmort”, “Aydan”, “Bəstəkar D.Şostakoviçin portreti” və s. adları çəkmək
olar.

İki böyük uçuşun simvolu

Rəssamın növbəti yaradıcılıq uğuru ümumbəşəri mahiyyət kəsb edən “Sənə,
Bəşəriyyət” əsəri ilə bağlıdır. 1961-ci ildə sənətsevərlərin ixtiyarına verdiyi
bu monumental əsərə görə Salahov ilk fəxri ada – Əməkdar incəsənət xadimi adına
layiq görülüb.

Əsərin mövzusu insanın kosmosa ilk uçuşu ilə eyni məzmun kəsb edərək rəssamın
uzaqgörənliyindən xəbər verir. Həmin əsər böyük uçuşun simvoluna çevrilib.
T.Salahov əsəri dünya tarixində insanın kosmosa uçuşundan bir neçə ay əvvəl
tamamlayıb. Hansı ki, bu hadisənin baş verəcəyindən xəbəri olmayıb. Maraqlı
təsadüfdür ki, əsər 1961-ci il aprelin 12-də ilk dəfə ictimaiyyətə nümayiş
etdirilib. Bu əsər rəssamın qəlbindəki optimist düşüncələri əks etdirir. O
vaxtın bir çox tənqidçisi əsərin birinci uçuşla bağlı olaraq sifarişlə
çəkildiyini, müəllifin isə bu hadisədən əvvəlcədən xəbərdar olduğunu düşünüb.

Valentina Tereşkovanın kosmosa uçuşundan sonra bu fikirlər daha da güclənib.
Çünki əsərdəki ikinci obraz qadın olub və sanki Tereşkovanın kosmosa uçuşunu
simvolizə edib. Beləliklə, rəssamın dahiyanə uzaqgörənliyi nəticəsində “Sənə,
Bəşəriyyət” əsəri iki böyük uçuşun simvoluna çevrilib.

Rəssama medal qazandıran portret

Ötən əsrin 50-60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və
uğurlu mərhələ olub. “Sənə, Bəşəriyyət” tablosundan sonra da rəssamın
uğurlarının ardı-arası kəsilməyib. O, 1962-ci ildə hazırda Tretyakov
qalereyasında saxlanılan “Bəstəkar Q.Qarayevin portreti”nə görə gümüş medal
mükafatına layiq görülüb. T.Salahov dahilər silsiləsindən olan bu yaradıcılıq
işinə ciddi və uzunmüddətli hazırlıq prosesi keçib. Rəssam həmin məqamı belə
xatırlayır:

“Dahiyanə əsərlər yaratmış bu bəstəkarı yaradıcılıq prosesində təsvir etmək
istəyirdim. Eyni zamanda, yaxşı anlayırdım ki, bəstəkarı sadə halda təsvirə
gətirmək olmaz. Xeyli müşahidələr apardıqdan sonra bir gün ondan soruşdum ki,
“Uzunboğaz köynəyiniz varmı?” Özüm üçün yəqin etmişdim ki, onu məhz bu geyimdə
istədiyim kimi canlı göstərə bilərəm. Onun uzunboğaz köynəyinin ağ rəngdə
olması mənim obrazım üçün münasib idi. Bir sözlə, gələcək portretimin rəng
çalarlarını tapmışdım”.

Sonralar bu əsərə baxanlar həqiqətən də sənətkarın geyiminin nə qədər uğurlu
seçilməsini və rəssamın estetik zövqünün göz oxşamasını xüsusilə vurğulayıblar.

Əmək mövzusundan daha üstün bir mövzu tanımayan sənətkar

Rəssam yaradıcılığında tez-tez sadə insanlara müraciət edib. O,
müsahibələrinin birində deyib:

“Mənim üçün əmək mövzusundan daha üstün bir mövzu yoxdur və öz yaradıcılığımda
insanı əmək fəaliyyəti prosesində təsvir etməyə can atıram. Əsərlərimdə insan
obrazını vurğulamaq üçün onun xarakterini, əməksevərliyini kətan üzərində həkk
etməyə çalışıram. Bir insan üçün yaradıcılıq prosesində ən əsas vəzifə bu
detalları vurğulamaq və artıq detallardan qaçmaqdır. Xəzər neftçilərinə həsr
olunmuş əsərlər üzərində işləyərkən bu zəhmətkeş insanların evlərində onların
həyat tərzi ilə tanış oldum”.

Həqiqətən də Salahovun neft mövzusuna həsr etdiyi insan portretləri öz daxili
zənginliyi və xarakteri ilə seçilir. Həmin tablolarda neftçilərin daxili aləmi,
yorğunluqları, keçirdikləri narahatlıq hissləri öz əksini tapıb. Sadalanan
xüsusiyyətləri “Təmirçilər”, “Neftçinin portreti”, “Neftçi fəhlə”, “Neftçi”
kimi əsərlərində görmək olar. Neft mövzusuna Salahov bu gün də müraciət
etməkdədir. Onun 2007-ci ildə tamamladığı monumental “Odlar yurdu” triptixi
xüsusilə diqqətəlayiqdir. Mərkəzi hissəsi “Xəzər bu gün”, sol hissəsi
“Atəşpərəstlərin məbədi”, sağ hissəsi isə “Qız qalası” adlanan bu əsərdə
müəllif öz Vətəninin keçmişini və bu gününü, zəhmətkeş insanın mənəvi
yüksəlişini, nəsillərin talelərini təcəssüm etdirib.

T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental
tablolarda əks etdirib. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika,
Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb. Gənc
rəssam banal mövzuya çevrilən gözəl xanımları və ya varlı qocanı təsvir etməyə
can atmayıb. O, vağzallara, Praqa tunellərinə, qaranlıq, gözdən uzaq qalmış
küçə döngələrinə gedib və Bakıdakı üslubuna sadiq qalaraq bu gözoxşamayan,
cansıxıcı məkanların gözəlliyini kəşf edərək kətan üzərinə köçürüb. İtaliyaya
səfərində Salahov bu ecazkar ölkə ilə bağlı çoxlu sayda yağlı boya, stank
akvarel əsəri yaradıb. Onun Roma ilə bağlı ilk akvareli “Romada küçə” adlanır.
1962-ci ildə Parisdə keçirilən Gənc Rəssamların Yaz Biennalesində iştirak edən
rəssam bu şəhərin bəzəyi olan və sevgi rəmzinə çevrilən Eyfel qülləsini
dəfələrlə təsvir edib.

Portretlərinin hamısı onun üçün əzizdir

Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır.
“Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın,
sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri
sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox”, – deyə etirafı ilə ürəklərə
yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər
Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır.
Rəssam “F.Əmirovun portreti” əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə
qapılmış vəziyyətdə canlandırılıb. “Şair Sabirin portreti”ndə insan şəxsiyyəti
daha aydın görünür, “Rəsul Rzanın portreti”ndə isə daxili gərginlik vurğulanır.

Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini
sevənlərə yaxşı məlumdur. Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”,
C.Cabbarlının “Aydın” dramına, A.Əlizadənin “Babək” baletinə, C.Əlibəyovun
“Gülüstanda ölüm”, Ü.Hacıbəylinin “Koroğlu”, F.Əmirovun “Min bir gecə”
baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.

O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına,
mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət
xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı
ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və
Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi,
alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı
R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.

Şöhrəti dünyanı dolaşan görkəmli rəssam harada yaşamasından, çalışmasından
asılı olmayaraq, Vətəninə çox bağlıdır. “Xəzər, onun mavi gözəlliyi həmişə
mənimlədir”, – söyləyən Tahir Salahov doğma Vətəninin təbiətinə vurğundur və
hər fürsətdə yurdunun gözoxşayan guşələrini tablolarında canlandırır. Rəssam
xüsusilə boya-başa çatdığı doğma Abşeronunu böyük məhəbbətlə təsvir edir. O,
əsl bakılı kimi Abşeron mənzərəsinə böyük dəyər verir. Təsvir etdiyi Abşeron
mənzərələrinin həzin və mülayim dalğınlığında rəssamın doğma yerlərlə bağlı
xatirələri, uşaqlıqdan alışdığı aləm öz əksini tapır. Neft hopmuş torpaq, mavi
səma fonunda fırlanan əlvan yel dəyirmanları, köhnə tikililər, tərk edilmiş bağ
evləri rəssamın fırçasında yeni həyat qazanır. Bakı kəndlərini, xüsusilə
Xəzərin sahilində yerləşən qəsəbələri böyük məhəbbətlə təsvir edən rəssam,
hətta dinin qadağa qoyduğu illərdə belə bu kəndlərdə yerləşən məscid və
məbədləri sevərək kətan üzərinə köçürüb.

Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən
danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən ulu öndər “Heydər
Əliyevin portreti”ni, “Mstislav Rostropoviçin portreti”ni, “Odlar yurdu”
triptixini, “Yazıçı Anarın portreti”ni və daha neçə-neçə peyzaj və
natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası
olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır.
Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.

Həyatı doğma Azərbaycana təmənnasız xidmətdə keçən bənzərsiz fırça ustası

Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara
sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və
ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın
“Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə,
müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” və “Heydər Əliyev”
ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə,
müxtəlif medallarına və mükafatlarına layiq görülüb.

Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham
ƏliyevAzərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir
Salahovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın
90 illiyi münasibətilə silsilə sərgilər açılıb.

Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda
da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Bu da sözsüz ki, hər
bir azərbaycanlı üçün qürurvericidir.

Xalq rəssamı 2021-ci ilin mayın 21-də vəfat edib.

T.Salahovun həyat və yaradıcılığı doğma Azərbaycana və mədəniyyətinə
təmənnasız xidmətindən ibarət olub. O, böyük istedadı ilə Azərbaycan xalqının
milli adət-ənənələrinin inkişafına xidmət etməklə yanaşı, dünya rəssamlıq
prosesinə də müsbət təsir göstərib. Onunla hər bir azərbaycanlı fəxr edir. Öz
dəst-xəti ilə seçilən rəssamın xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

Source link