Bu gün yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin anım günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, “Molla
Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, maarifçi-publisist, naşir
Cəlil Məmmədquluzadənin anım günüdür. Böyük ədibin vəfatından 92 il ötür.
Cixisyolu.com böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin əziz xatirəsini dərin
hörmət və ehtiramla yad edir.
Xatırladaq ki, Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə qadınların
və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim
hesab olunur.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 1869-cu il fevralın 10-da Naxçıvan
şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər
məktəbində alıb. Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu Cənubi
Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçüb. Atası Məmmədqulu
Məşədi Hüseynqulu oğlu (1840-1905) ibtidai səviyyədə savadı olan dindar biri
olub. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləyən
şəxsiyyətlərdən olub. Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan
şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışıb,
burada duz, ot və saman satıb, həmçinin ailəsini dolandırmaq üçün Şahab
məhəlləsində baqqal dükanı işlədib. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz
mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya
podrat duz buraxıblar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşıb.
Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın
qızı Sara Babayeva ilə evlənib, onların 4 oğlu və 1 qız övladı dünyaya gəlib.
M.Məmmədqulunun böyük oğlu Mirzə Yusif fars dilini mükəmməl bilən saatsaz olub.
O, cavan yaşlarında vəfat edib. Kiçik oğlu Xəlili də erkən yaşlarda – 1904-cü
ildə itirib. Məşədi Məmmədqulu yalnız iki oğlunu – Ələkbəri, Cəlili və qızı
Səkinəni böyüdüb, onlara tərbiyə verə bilib. Cəlil Məmmədquluzadə 1873-1876-cı
illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın
məktəbində oxuyub. Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənib. Daha
sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam
etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan
dilinin tədrisinə cüzi yer verilirdi. O, burada 3 il təhsil alıb.
Onun üçüncü oğlu Mirzə Ələkbər (1872-1922) 1906-1911-ci illərdə Cənubi
Azərbaycandakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri, Səttar
xanın yaxın silahdaşlarından olub. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy
Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə gedib. Səkinə
xanımın Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qız övladı dünyaya
gəlib. O, 1913-cü ildə vəfat edib. O, körpələr də Mirzə Cəlilin himayəsində
böyüyüb. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat ediblər.
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra
pedaqoji fəaliyyətə başlayıb. O, 1887-1897-ci illər arasında İrəvan
quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda
Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik edib. Hətta 1887-ci ildə
Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət
İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. Mirzə Cəlil
1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunub. Belə ki, Qafqaz
tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə
göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy
Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin
olunduğunu bildirib. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı
qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Həmin vaxt
Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10-12 şagird
oxuyurdu.
İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” (1889) alleqorik pyesini, “Danabaş
kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni
həyatı ilə tanış olub.
1896-cı ildə ilk ailəsini quran ədibimizin 1897-ci ildə Münəvvər adlı qız
övladı dünyaya gəlib. Təəssüf ki, həyat yoldaşı Həlimə xanım eyni ildə vəfat
edib. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy
Kəngərlinin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurub. Lakin sonradan
Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanıb. 1903-cü ildə Nazlı xanım
vaxtından əvvəl ölü uşaq doğub və bununla da əsəb xəstəliyinə tutulub. Mirzə
Cəlil Məhəmmədqulu bəylə birlikdə xanımını Tiflisə aparıb və həkimlərin
tövsiyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirib.
Buna baxmayaraq, Nazlı xanımın xəstəliyi şiddətlənib, yeməkdən qəti imtina edir
və tezliklə də dünyasını dəyişib. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım
Əhmədbəy qızı Cavanşirlə ailə həyatı quran Cəlil Məmmədquluzadənin Midhət və
Ənvər adlı iki oğul övladı dünyaya gəlib. Həmidə xanım Azərbaycanın ilk
maarifçi qadınlarından olub. 1955-ci ildə vəfat edən Həmidə xanım
Cavanşir-Məmmədquluzadə Fəxri xiyabanda dəfn olunub.
(C.Məmmədquluzadənin oğlu Midhət ilə fotosu)
1904-cü ildən Tiflisdə nəşr edilən “Şərq-Rus” qəzetinin redaksiyasında
işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu
qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı
“Poçt qutusu” hekayəsi 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş
oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də
ilk dəfə bu qəzetdə dərc edilib.
1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə
jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu
qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil
Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb.
7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan
çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə,
1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr
olunub.
Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı
təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai
fikrin inkişafına qüvvətli təsir göstərib.
Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan
ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O xüsusilə kiçik
hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial
mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından
dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni
Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından
olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat
orqanlarında fəaliyyət göstərib.
Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi,
ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş
yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində
feodal-patriarxal münasibətlər, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Cəlil Məmmədquluzadənin qızı Münəvvər Məmmədquluzadə SSRİ Ali Sovetinin II
çağırış deputatı olub, 1965-ci ildə vəfat edib. Oğlu Midhət Məmmədquluzadə
Azərbaycan Dövlət Plan Komitəsində çalışmış, Mingəçevir SES-in layihəsini
hazırlayan komissiyanın elmi katibi olub. O, 1932-ci ildə Bakıda vəfat edib.
Digər oğlu Ənvər Cəlil oğlu Məmmədquluzadə Azərbaycan Tibb Universitetini
bitirib, bir müddət həmin ali məktəbdə əczaçılıq kafedrasında işləyib.
Böyük ədib 1932-ci il yanvarın 4-də Bakı şəhərində beyin qansızmasından vəfat
edib. Fəxri xiyabanda son mənzilə yola salınıb. Ədibimizin xanımı 1955-ci ildə
vəfat edən Həmidə Cavanşir-Məmmədquluzadənin də məzarı Fəxri xiyabanda
C.Məmmədquluzadənin məzarı yanındadır.