ecd93e95-0bcb-4df0-b39d-e3ebf41b0808..jpg

Bu gün Yusif Vəliyevin doğum günüdür

Baxış sayı: 784 dəfə baxılıb.

Bu gün Yusif Vəliyevin doğum günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın xalq artisti Yusif Abdulla oğlu Vəliyevin doğum günüdür.
Onun doğumundan 107 il ötür.

Cixisyolu.com xəbər verir ki, Yusif Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub.
Bakı Teatr Texnikumunda təhsil alıb (1933-1936).

Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə,
sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili
bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə
yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına
işləməyə göndərilib.

Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev
teatrın ən öncül sənətkarlarından biri olub. Bunu ifa etdiyi rolların siyahısı
da açıq-aydın göstərir. Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (Əşrəf bəy), Mirzə
Fətəli Axundzadənin “Hacı Qara” (Hacı Qara), “Molla İbrahimxəlil kimyagər”
(İbrahimxəlil), Sabit Rəhmanın “Toy” (Surxay), “Xoşbəxtlər” (Sadıq)
komediyalarının, Cəfər Cabbarlının “Almaz” (Şərif), “1905-ci ildə”
(General-qubernator), “Aydın” (Aydın), “Oqtay Eloğlu” (Oqtay), “Od gəlini”
(Elxan), “Sevil” (Balaş), “Solğun çiçəklər” (Bəhram) dramlarının, Georgi
Mdivaninin “Vətən namusu” tərcüməsinin (Nadir), Səməd Vurğunun “Vaqif” (Vaqif),
Mirzə İbrahimovun “Həyat” (Süleyman), Uilyam Şekspirin “Otello” (Yaqo),
Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), Nəcəf bəy Vəzirovun
“Müsibəti-Fəxrəddin” (Fəxrəddin) faciələrinin tamaşalarında xaraktercə fərqli
rollar oynayıb. Teatr dram tamaşaları ilə yanaşı, opera və operettalar da
oynayırdı. Yusif Vəliyev Şəki səhnəsində Üzeyir bəy Hacıbəyovun “Leyli və
Məcnun” operasında İbn Səlam, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və
arvad” operettalarında Vəli, Həsən bəy və Həsənqulu bəy, Mərcan bəy, Ağası
Məşədibəyovun “Toy kimindir?” (librettosu Məhərrəm Əlizadənindir) musiqili
komediyasında Qoşun rollunda çıxış edib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram
Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından
ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada biri-birindən
fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil
fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm
də komediya rollarını məharətlə ifa edib.

Hacı Nuru və Molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli
Axundzadə), Qarakişi və Vəzir (“Aqil və Sərvinaz”, Əyyub Abbasov), Aslan və
Polkovnik Polad (“İki həyat”, Rauf İsmayılov), Məlik Məmməd (“Məlik Məmməd”,
Əyyub Abbasov), General Leyk (“Əlvida, Hindistan!”, Qeybulla Rəsulov), Ataman,
Xeyrulla Şalıbudaqov (“Anacan” və “Qonşular”, Yusif Əzimzadə), Xətib (“Rübailər
aləmində”, Məmmədhüseyn Təhmasib), Almurad baba (“Şəhərli oğlan”, Qeybulla
Rəsulov), Oruc (“Sevinc”, Əyyub Abbasov), Hümmətyar (“Gülşən”, Əli Vəliyevin
romanı üzrə səhnələşdirəni Ağəli Dadaşov), Trofim Morozov (“Pavlik Morozov”,
Valeri Qubarev), İmamyar (“Yaşar”, Cəfər Cabbarlı), Mirzə Ələkbər Sabir (“Sirli
şəhər”, Mehdi Hüseynin “Komissar” romanı əsasında səhnələşdirəni Ağəli
Dadaşov), Doktor Vahid (“Son məktub”, Rauf İsmayılov), Anuçkin (“Evlənmə”,
Nikolay Qoqol), Hatəmxan ağa, Frans FOk (“Müsyö Jordan və dərviş Məstəli şah”
və “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə), Kral (“Qarlar Kraliçası”,
Yevgeni Şvarts), Harun ər Rəşid (“Bir saatlıq xəlifə”, Abdulla Şaiq), Ovod
(“Ovod”, Etil Voyniç), Lorenso (“Romeo və Cülyetta”, Vilyam Şekspir), Hacı
Səməd ağa (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Gəray bəy (“Komsomol
poeması”, İsgəndər Coşqun), Səməd Vurğun (“Yolda”, Hüseyn Arif), Göygöz kosa
(“Çiçəkii dağ”, Məmmədhüseyn Təhmasib), Nəcəf (“Mənim nəğməkar bibim”, Əkrəm
Əylisli), Prometey (“Zəncirlənmiş Prometey”, Cahangir Məmmədov) rolları
aktyorun daha uğurlu yaradıcılıq işləridir.

Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə Fətəli Axundzadənin “Hacı
Qara” (Hacı Qara), Qılman İlkinin “Baba və nəvə” (Baba) tamaşalarında,
“Əfzələddin Xaqani” (Xaqani) bədii kompozisiyasında lent yazıları var. Ondan
çox radio tamaşasında iştirak edib.

Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail
Şatrovun “İnqilab naminə” pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun
ifası sənətkarlıq baxımından rus həmkarlarının oyunlarından daha canlı və real
alınmışdı.

Yusif Vəliyev “Azərbaycanfilm”in kinolarında epizodik rollar oynasa da, çox
maraqlı, yadda qalan xarakterlər yaradıb. O, “Zirvə” (Bələdçi), “Sən nə üçün
yaşayırsan?” (Balıqçı), “Nəsimi” (Teymurləng), “Qatır Məmməd” (Halvaçı), “Tütək
səsi” (Qurban), “Arxadan vurulan zərbə” (Qurd Cəbrayıl), “Uşaqlığın son gecəsi”
(İş icraçısı), “Bir cənub şəhərində” (Səfərəli) və sairə kinolentlərində
çəkilib. “Nə yaxşı ki, Səməd Vurğun var…” sənədli filmində Qacar rolunda
“Vaqif”dən bir parça ifa edib.

Uzunillik səhnə yaradıcılığında əldə etdiyi sənət nailiyyətlərinə, gənclərə
örnək olan zəngin irs yaratdığına görə Yusif Abdulla oğlu Vəliyev 24 may
1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 9 fevral 1979-cu
ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

Aktyorluq imkanları baxımından Milli Dram Teatrının yaradıcılıq üslubuna daha
uyğun idi. Təəssüf ki, dəfələrlə cəhdlər göstərilsə də, aktyorun akademik
teatra gəlişi baş tutınadı. Yusif Vəliyev adi nağıl janrını əsərdəki personajı
da dərin dramatizmlə cilalayan, mürəkkəb üslub elementlərindən məharətlə
istifadə etməyə cəhd göstərən və istəyinə cəsarətlə nail olan sənətkar idi.
Mürəkkəb rolların ifasında janr sintezindən həssaslıqla istifadə edir,
məqamından, vəziyyətdən asılı olaraq ya psixoloji, ya dramatik və yaxud faciə
elementlərinə üstünlük verirdi. Bəstəboylu aktyor səhnədə əzəmətli, pəhləvan
cüssəli görünürdü. Təkbaşına səhnədə monoloq söyləyəndə də səhnə dolu və
möhtəşəm təsir bağışlayırdı. Pauzalardan və səs tembrinin variasiyalarından
istifadədə qeyri-adi, gözlənilməz nailiyyətlər qazanırdı.

Ürək xəstəliyi və kəskin tromboz diaqnozu qoyulan aktyor 1 saylı şəhər
xəstəxanasında yatırdı. 1980-ci il martın 18-də vəfat edən Yusif Vəliyev
Bakıdakı yeni “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Source link