Bu il bazarlarda balıq bol olacaq, qiymət isə… – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452
ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil
daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?
“Kaspi”
qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.
“İlk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq”
Balıqçılar İttifaqının sədri Əfqan Əliyev “Kaspi” qəzetinə açıqlamasında
bildirdi ki, artımın səbəbi bu sahəyə diqqət ayrılmasıdır: “Son illər qanunsuz
balıq ovu ilə mübarizə və balığın populyasiyası zamanı qadağalara əməl
olunmasına görə, Xəzərin Azərbaycan sektorunda və daxili su hövzələrində az da
olsa artım müşahidə olunur. Balıq yetişdirilməsi sahəsində artımın olmasını
sənaye və həvəskar balıqçılardan da öyrənirik. Hər iki sahədə balığın sayı
artıb. Son illər balıqçılıq sahəsinə müəyyən diqqət göstərilir. İllərdir
insanları təşviq edirik, daxili su hövzələrinə balıq körpələri buraxırıq. Keçən
il ilk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq”.
“Qadağaların da vaxtı dəyişdirilməlidir”
Ə.Əliyevin sözlərinə görə, bu sahədə imkanlarımız çox genişdir, amma nəzərə
alınmalı məqamlar var: “Ümumi götürdükdə ziyad, sazan kimi balıqların
populyasiyasının çoxaldılması üçün ən əlverişli ərazi Xəzərin Azərbaycanın
cənub hissəsinə düşən bölgəsidir. Qanunsuz balıq ovu ilə mübarizə, artım
dövründə qadağalara yenidən baxılması çox vacibdir. Çünki bu, ölkəmizdə əsasən
sovet dönəmindən qalma qadağalardır. Bir neçə ildir havaların isti keçməsi ilə
əlaqədar balıqların populyasiya vaxtı ilin əvvəlinə doğru dəyişib. Əvvəl
kürütökmə dövrü aprel, may, iyun aylarına təsadüf edirdi. İndi mart, aprel
ayına düşür. Bu səbəbdən qadağaların da vaxtı dəyişdirilməlidir”.
“Heç bir nazirlik öhdəsinə götürmür”
Müsahibimizin fikrincə, balıqçılığın inkişaf etməsini istəyiriksə, bu sahə
hansısa qurumun tərkibində olmalıdır: “Balığa maraq çoxdur, amma balıqçılığa
diqqət böyük deyil. Yəqin ki, gec-tez Azərbaycanda balıqçılığa aid dövlət
qurumu yaradılacaq. Yaxud, bu işi Kənd Təsərrüfatı Nazirliyi üzərinə götürə
bilər. Hazırda balıqçılığın inkişaf etdirilməsini heç bir nazirlik öhdəsinə
götürmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tam diqqət ayıra bilmir.
Onlarda mütəxəssis demək olar ki, yoxdur. Balıqçılığı inkişaf etdirsək, həm
nərə, həm ziyad kimi balıq növlərini ixrac edə bilərik. Hazırda İran yeganə
ölkədir ki, ziyad balığını digər ölkələrə ixrac edir. Amma Azərbaycanın da
iqlimi bunun üçün çox əlverişlidir”.
Ə.Əliyev qeyd etdi ki, bu il balıqçılıqla bağlı müəyyən işlər görüldüyü üçün
məhsul bol, qiymət isə daha ucuz olacaq: “Balıqçılıq təsərrüfatlarına
subsidiyaların ayrılması yerli balığın qiymətinin bazarda ucuzlaşmasına səbəb
ola bilər. Bu il bir çox qanunsuz avadanlıqlar sökülüb. Nəticədə balığın
Xəzərdən çaylara üz tutub kürü tökməsinə şərait yaranıb. Ona görə də, bu il
balıq bol olacaq”.
Statistika reallığı əks etdirmir?
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai
Birliyinin sədri Zaur Salmanlı isə bildirdi ki, statistik rəqəmlər həqiqəti əks
etdirmir: “Sorğu əsasında Azərbaycanda balıq və balıq məhsulları istehlakının
adambaşına 7,8 kiloqram olduğunu müəyyən ediblər. Bu da 78 min ton deməkdir.
İdxal olunan balıq və balıq məhsullarının illik həcmi 18 min tondur. İstehlak
rəqəmlərindən idxalı çıxdıqda 60 min ton qalır. Beləliklə, “ovlanmış balıqlar
bu qədərdir”, – deyə nəticə çıxarırlar. Hətta, sovet ittifaqı zamanı
balıqçılığın inkişaf etdiyi dövrdə belə, rəqəmlər bu həddə deyildi.
Azərbaycanda nə bu qədər istehlak var, nə də daxildə ov və istehsalın həcmi
qeyd olunan qədərdir”.
Dünyada balıq ovu səviyyəsi azalır
Z.Salmanlının sözlərinə görə, son illərdə bu sahədə idxal artır, istehsal
azalır, qiymətlər isə bahalaşır: “Artım ola bilməz. Çünki bütün dünyada ovlama
səviyyəsi azalır. Bu, Azərbaycanda da baş verir. Balıq və balıq məhsullarının
istehsalı kənd təsərrüfatı sahəsinə aid olmadığı üçün heç bir dəstək almır. Ona
görə İrandan qızılxallı, şimaldan sazan kimi ucuz qiymətə idxal olunan balıqlar
Azərbaycanda daxili istehsalı 3-4 ildir azaldır. Təbii ki, istehsal az olduğu
üçün qiymət də, idxal da artacaq. Mənim fikrimcə, qiymətin azalması yaxın
gələcəkdə gözlənilmir”.
Balıqçılıq fəaliyyəti ilə məşğul olanların qənaətincə, balıq mövsümü artıq
yekunlaşdığına görə bazarda ucuzlaşma olmayacaq: “Balıq ovunda artım yoxdur.
Ucuzlaşma ancaq göldə yetişdirilən balıqların qiymətində ola bilər. Ancaq artıq
mövsüm bağlanıb”.