4d04a46e-cfa3-47c1-8084-03355891fba3..jpg

Bu il hansı maliyyə alətlərinə investisiya etmək sərfəli ola bilər? – FOTO

Baxış sayı: 889 dəfə baxılıb.

Bu il hansı maliyyə alətlərinə investisiya etmək sərfəli ola bilər? – FOTO

Hər il maliyyə bazarlarında baş verən proseslər investorların diqqət
mərkəzində olur.

Bəs bu il hansı maliyyə alətlərinə investisiya etmək daha risksiz və gəlirli
hesab edilə bilər?

Bu barədə “Report”a açıqlamasında ölkədəki investisiya şirkətlərindən birinin
direktor müavini Cəfər İbrahimli deyib.

O, Maliyyə Nazirliyinin dövlət istiqrazlarının daha risksiz hesab olunduğunu
bildirib:

Korporativ istiqrazlar bank əmanətlərindən daha gəlirlidir

C. İbrahimli hesab edir ki, bu ildə Azərbaycanın daxili bazarında Maliyyə
Nazirliyinin istiqrazları daha risksiz hesab olunur:

“Həmçinin dövlət istiqrazlarının gəlirliliyi artıb. Kapital bazarına,
istiqrazlara investisiya edənlərin vergidən azad edilməsi də bazarda fürsətlər
yaradıb. Digər tərəfdən qiymətli kağızlar üzrə faizlər yüksəlib. Bazarda həm
xarici, həm yerli valyutada kifayət qədər korporativ istiqrazlar da var.
Bunların əksəriyyəti kütləvi təkliflə yerləşdirildiyi və tənzimlənən bazarda
ticarət olunduğu üçün vergidən azaddır”.

Onun sözlərinə görə, manat istiqrazlarının əksəriyyətinin gəlirliliyi 10%-dən
çoxdur. Bunlar bank əmanətlərindən də yüksək gəlirlidir və gəlir vergisinə cəlb
olunmur. Son dövrlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) də
xarici valyutada və gəlirliyi 6% olan istiqrazları bazara daxil olub. Xarici
ölkələrin avrobondları və bankların əmanət faizləri ilə müqayisədə bu
istiqrazlar kifayət qədər yaxşı gəlirlidir”.

Bu il səhm bazarı üçün uğurlu ola bilər

C.İbrahimli xarici kapital bazarından da danışıb:

“Qlobal bazarlarda keçən il inflyasiya ilə mübarizə ili idi. Amerika və
Avropada qlobal iqtisadiyyatın resessiyaya girəcəyi təhlükəsi olduğu üçün
səhmlər dəyər itirmişdi. Amma son bir ayda baş verən proseslər, dünyanın
mərkəzi banklarının açıqlamaları və dünya iqtisadiyyatındakı mövcud
tendensiyalar resessiya təhlükəsinin sovuşduğunu göstərir. Ona görə də bazarda
risk iştahı yüksəlib”.

Onun sözlərinə görə, azərbaycanlı investorlar xarici bazarda artıq bu tipli
maliyyə alətlərinə, xüsusilə də səhmlərə investisiya etməkdə maraqlıdır:

“Görünən odur ki, bu il səhm bazarı üçün o qədər də pis il olmayacaq”.

Əmtəə qiymətləri kəskin dəyişməyəcək

O, qeyd edib ki, qızılı dünyanın mərkəzi bankları ehtiyat kimi aldıqları üçün
hələ də dünyada ona tələb var:

“Bu, qızılı normal qiymətdə saxlayır. Qızıl riski tənzimləmək üçün etibarlı
bir alətdir. Digər əmtəə məsələlərinə gəlincə, deyim ki, pandemiyadan sonra
dünyada qida məhsullarının qiyməti yüksəlmişdi. Amma hesab edirəm ki, son bir
ildə əldə edilən kənd təsərrüfatı, qida və əmtəə məhsuldarlığı, Ukrayna-Rusiya
müharibəsi ilə bağlı əmtəə dövriyəsinə tətbiq edilən məhdudiyyətlərin ortadan
qaldırılması nəticəsində hazırda burada da əvvəlki illərdən fərqli olaraq
qiymətlərdə bir tənzimləmə müşahidə olunur.

Bu il qida məhsulları bazarında kəskin yüksəlmələrin olacağı ehtimalı azdır”.

Neftin kəskin ucuzlaşması gözlənilmir

C.İbrahimli hesab edir ki, dünyada neft qiymətlərinə təsir edən əsas məsələ
sənayeləşmiş ölkələrdə iqtisadi aktivliyinin hansı səviyyədə olmasıdır:

“Həmin iqtisadiyyatlarda aktivlik olduğu müddətdə enerji resurslarına, neftə
və qaza tələb olur və bu da neft qiymətlərini yüksək səviyyədə saxlamağa
gətirir. Hazırda qlobal iqtisadiyyatda resessiya gözləntisi azaldığı üçün neft
və qaz qiymətlərinin stabil qalacağı gözlənir. Hələ ki, enerji resurslarının
qiymətində kəskin eniş gözləmirəm”.

İnvestisiya şirkətinin direktor müavini bu gözləntiləri orta və qısamüddətli
investisiyalara aid edib. Uzunmüddətli investisiya alətlərindən biri isə
daşınmaz əmlakdır.

“Vətəndaşlarımız bu bazara çox maraq göstərir. Dünyada da son illər əmlak
bazarında kifayət qədər yüksəlmə var”, – deyə C.İbrahimli əlavə edib.

Source link