2d8fc464-307f-46d4-8d4d-ad93784a8798..jpg

Bu il ölkə siyasəti nələrlə yadda qaldı? – “Report”un icmalı + FOTO

Baxış sayı: 1. 126 dəfə baxılıb.

Bu il ölkə siyasəti nələrlə yadda qaldı? – “Report”un icmalı + FOTO

Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycanın xarici və daxili siyasəti
üçün bir sıra mühüm hadisələrlə yadda qaldı.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan
olunub. Şuşa ili çərçivəsində paytaxt Bakı və bölgələrdə, o cümlədən işğaldan
azad olunmuş ərazilərdə silsilə tədbirlər həyata keçirildi.

2022-ci il həm də bir sıra kadr islahatları, o cümlədən təyinatlar və
vəzifədən azad edilmələrlə də yadda qaldı.

İlin ən mühüm hadisələrindən biri Azərbaycanla Türkiyə arasında 2021-ci ildə
imzalanmış Şuşa Bəyannaməsinin təsdiqlənməsi oldu. Belə ki, bu ilin fevral
ayında əvvəlcə Azərbaycan parlamenti Şuşa Bəyannaməsini ratifikasiya etdi. İki
gün sonra Türkiyə parlamenti – Türkiyə Böyük Millət Məclisi (TBMM) də eyni
addım atdı. Fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, fevralın
12-də Azərbaycan lideri İlham Əliyev bu sənədi təsdiqlədi. Beləliklə, tərəflər
arasındakı müttəfiqlik əlaqələri rəsmən təsdiqləndi. Qeyd etmək yerinə düşər
ki, bu sənəd gələcək əlaqələrdə, həmçinin regionda yeni reallıqların
formalaşmasında mühüm rol oynadı və oynamaqda davam edir.

Azərbaycanın mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində antiteror
əməliyyatı keçirdi.

Avqust ayında isə Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. “Qisas” adlı cavab əməliyyatı
nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ
silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər
nəzarətə götürülüb.

Ermənistanın təxribatı səbəbindən sentyabrın 13-14-də baş vermiş toqquşmalar
nəticəsində isə qarşı tərəf yüzlərlə canlı itki verdi, texnikaları məhv edildi.
Bu döyüşlər Ermənistanın geri oturdulması ilə nəticələndi.

Digər mühüm hadisələrdən biri Azərbaycan, Fransa, Ermənistan və Avropa
İttifaqı Şurası liderlərinin Çexiyanın paytaxtı Praqada baş tutmuş görüşü idi.
Həmin görüş İrəvanla Bakı arasında ehtimal edilən sülh müqaviləsinin
imzalanması və Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində
mühüm addım oldu. Bir çox ekspertin Praqada qəbul edilən bəyanatı Azərbaycanın
növbəti diplomatik uğuru kimi qiymətləndirməsi əsassız deyildi. Belə ki,
bəyanata əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və
suverenliyini tanıdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü.
Bu, faktiki olaraq o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi
olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın
Qarabağ üzərində hakimiyyətini tanımış oldu.

İrəvanın destruktiv siyasəti nəticəsində bu il sülh müqaviləsi imzalanmadı.
Amma əminliklə demək olar ki, Azərbaycan hərbi və diplomatik səyləri
nəticəsində ərazi bütövlüyünü təmin etdiyi kimi, regionda sülh və sabitliyi
formalaşdırmaq üçün qalib dövlət kimi Ermənistanla sülh müqaviləsini imzalamağa
da nail ola biləcək.

Bu il həm də Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, Zabux və Sus
kəndlərinə daxil olması (avqustun 26-da) ilə tarixə düşdü.

Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birinci üçtərəfli
zirvə görüşü də yaddaqalan siyasi hadisələrdən idi. Türkmənistanda baş tutmuş
görüşdə ticarət, enerji və nəqliyyat başda olmaqla dost və qardaş üç ölkə
arasında əməkdaşlığın bütün sahələrdə daha da genişləndirilməsinə dair atılacaq
addımlar müzakirə olundu. Görüşdən sonra sözügedən sahələrdə əməkdaşlığı
gücləndirəcək sənədlər imzalandı. Nəticədə həm ikitərəfli və çoxtərəfli
əlaqələrin, həm də Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlığın
inkişafı istiqamətində daha bir addım atıldı.

Əvvəlki illərdə olduğu kimi, Azərbaycanla Türkiyə arasında birgə hərbi
təlimlər bu il də davam etdi. İki qardaş dövlət 20-yə yaxın birgə hərbi təlim
keçirdi. Bunlardan biri də ilin sonuna yaxın, dekabrın ayında ölkəmizdə
keçirilmiş “Qardaş yumruğu” təlimi idi ki, bu da həm dostlara, həm də
düşmənlərə ciddi mesaj oldu.

İlin yaddaqalan hadisələrindən biri də Vasif Talıbovun Naxçıvan Muxtar
Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun istefaya getməsi oldu.
Bundan əvvəl isə Naxçıvandakı rəsmi qurumlarla bağlı struktur islahatları
başladı. Nəhayət Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəliyi
təsis edildi. Bu vəzifəyə isə Fuad Nəcəfli təyin edildi. Yeri gəlmişkən,
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli
nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi,
vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və
qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin
operativ və səmərəli həlli məqsədi daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada beynəlxalq tədbirlər
keçirildi. Bunlardan ən əhəmiyyətlilərindən biri Türk Dövlətləri Təşkilatının
(TDT) Bakı – Şuşa forumu idi. Həmin tədbir çərçivəsində Bakıda Azərbaycan,
Türkiyə, Özbəkistan və Qırğızıstan diaspor qurumları arasında anlaşma
memorandumları imzalandı. Həmin sənədlər TDT daxilində əməkdaşlığımızın
güclənməsinə növbəti töhfə oldu.

2022-ci ildə Prezident “Media haqqında” qanunu təsdiqlədi və qanun bu il
qüvvəyə mindi. Daha sonra Media Reyestri yaradıldı. Yazılı KİV-lər və
jurnalistlər Media Reyestrində qeydiyyatdan keçməyə başladı.

İlin ən yaddaqalan hadisələrindən biri azərbaycanlı ekofəalların Şuşa-Laçın
yolunda keçirdikləri aksiyalardır. Dekabrın 12-dən başlayan dinc etirazlar
davam edir. Xatırladaq ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb. Ekofəalların mitinqinin əsas səbəbi də budur.

Türkiyəli general Bəxtiyarın Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri
vəzifəsinə təyin edilməsi mühüm xəbərlərdən oldu. Bu, Azərbaycan ordusunun
Türkiyə modelində formalaşması istiqamətində mühüm addımdır.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, həyata keçirilən
məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və
davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin
ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

2022-ci ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin doğum günündə – dekabrın 24-də Qərbi Azərbaycan
İcmasının inzibati binasında səsləndirdiyi fikirlər oldu. Artıq elan edildi ki,
dövlət başçısının Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli
sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə
başlanılıb.

“Report” İnformasiya Agentliyi

Source link